YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şirvan şəhər təşkilatı Zəfər Günü ilə bağlı tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatı 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və rəşadətli ordumuzun Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Şirvan gənclərinin göstərdiyi qəhrəmanlıq və şücaətlərdən danışıb.

Z.Qəhrəmanov bildirib ki, Dahi Lider Heydər Əliyev yolunun dövlətimizə, xalqımıza qazandırdığı uğurların miqyasını dərk etmək üçün müstəqillik tariximizin ayrı-ayrı dövrlərinə nəzər salmağa böyük zərurət var: “Azərbaycan xalqı müstəqilliyin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qaldı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə Ümummilli Liderin xilaskarlıq missiyası gəlir. Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi, iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər ölkəmizlə əməkdaşlıq etməyə başladı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanması ilə Azərbaycan iqtisadiyyatı üçün möhkəm təməl formalaşdı. Bu müqavilənin əhəmiyyətindən bəhs edərkən onun iqtisadi tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti daha çox təhlil edilir. Çünki bu saziş Azərbaycana inamı artırdı, etibarlı tərəfdaş kimi nüfuz qazanmasında mühüm rol oynadı. Heydər Əliyev yolunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən dövlətlərdən birinə çevrilib. 8 Noyabr - Zəfər Gününü bizlərə bəxş edən Ali Baş Komandana, rəşadətli ordumuza xalqın sevgisi sonsuzdur. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə şəfalar diləyirəm”.

Sonra Birinci Qarabağ müharibəsi iştirakçıları Bayram Quliyev, Baxşəli Süleymanov, 44 günlük Vətən müharibəsi qaziləri Elvin Abbasov, İlqar Həsənov şəhid anası Xuraman İsmayılova və şəhid atası Alim Zülfüqarov öz çıxışlarında Vətən müharibəsinin şanlı məqamlarından danışaraq Anım və Zəfər günlərinin qeyd olunmasının əhəmiyyətindən bəhs ediblər.

Daha sonra YAP sıralarına qəbul edilən yeni üzvlərə partiya vəsiqələri tədbirdə iştirak edən şəhid anaları tərəfindən təqdim edilib.

Sonda Zəfər Günü ilə bağlı hazırlanan videoçarx nümayiş olunub.