Xəbərlər
“Zəfər yolçuları: - Həyatı ölümün ağuşundan alan həkimlər”
Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının “Ə.Əliyev” ərazi partiya təşkilatında 8 Noyabr - Zəfər Günü ilə əlaqədar olaraq “Zəfər yolçuları: - Həyatı ölümün ağuşundan alan həkimlər” adlı tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, ərazi bütövlüyümüz uğrunda başlanan Vətən müharibəsində döyüşçülərlə birgə həkimlərimiz də Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdilər. Vətən müharibəsində tibb işçiləri elə ilk gündən ön və arxa cəbhədə öz şərəfli borclarını ləyaqətlə yerinə yetirdilər. Respublikamızın tanınmış həkimlərindən ibarət tibbi personal könüllü olaraq cəbhə bölgəsindəki hərbi hospitallara ezam edildilər. Qızğın döyüşlərdə yaralanmış hərbi qulluqçularımız peşəkar həkimlər tərəfindən diqqətlə müayinə və müalicə edilirdilər. Həmçinin peşəkar, təcrübəli həkimlərimiz döyüş bölgələrində təcili təxirəsalınmaz əməliyyatların iştirakçısıdırlar.
Çıxış edən “İmişli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru və başqaları Şahin Qurbanov qeyd ediblər ki, istər 44 günlük Vətən müharibəsində, istərsə də dünyanı cənginə almış koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan həkimləri böyük fədakarlıq və əzmkarlıq göstəriblər.
Sonda Vətən müharibəsində iştirak edən səhiyyə işçiləri YAP İmişli rayon təşkilatı tərəfindən fəxri fərmanla ilə təltif edilib, partiya sıralarına yeni qoşulan bir qrup tibb işçisinə üzvlük vəsiqələri təqdim olunub.