YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bizə Zəfər yaraşır

David İbramxəlilov,

YAP Qusar rayon təşkilatının sədri

Şuşa təkcə təbiətin yaratdığı gözəlliyin ünvanı deyil, həm də müqəddəs hisslərimizin, ən ülvi arzularımızın, ordumuzun qəhrəmanlığının, Vətən sevgisinin ünvanıdır. 30 ilə yaxın idi ki, sinəmizdə Şuşa boyda bir dərd böyüdürdük.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Şuşanın işğaldan azad olunması ilə bitdi. Görünən budur ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin son ümid yeri Şuşa idi. Bundan sonra düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Şuşanın işğaldan azad edilməsi dünya hərb tarixinin möcüzəsi hesab ediləcək qədər nadir hadisələrdən sayılır. Artıq 4 ildir ki, biz bu sevinci, qüruru yaşayırıq. 2020-ci il noyabrın 8-də müzəffər ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm Qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi.

2021-ci il yanvarın 14-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Tanklarla, digər zirehli texnika ilə silahlanan, əlverişli mövqedə yerləşən düşmənin qarşısına yüngül silahlarla çıxmaq yüksək peşəkarlıq, fədakarlıq tələb edirdi. Qəhrəman döyüşçülərimiz dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını şərəflə icra etdi. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm Zəfərin memarı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı. Bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə kimi əbədi yazdırdı. Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı.

Prezident İlham Əliyev Ulu Öndərin möhkəm təməl üzərində qurduğu Azərbaycanı dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli dövlətə çevirdi. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Xüsusən Silahlı Qüvvələrin fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz Lideri ətrafında sıx birləşməsi, milli həmrəylik nümayiş etdirməsi Qələbənin təmin edilməsində mühüm rol oynadı. Azərbaycan Prezidenti Şuşaya ilk səfərində bu şəhərin yenidən, daha gözəl bərpa olunması barədə konkret göstərişlər verdi. Dövlət başçısının davamlı səfərləri qədim yurdun xalqımız üçün əhəmiyyətinin, torpağa sahiblik hissinin, onun müqəddəsliyinə ali dəyərinin ifadəsidir. Şuşa yenidən qurulur, bərpa edilir. Qısa zamanda bu gözəl diyar siyasi diskussiyaların, möhtəşəm beynəlxalq tədbirlərin mərkəzinə çevrildi. Şuşada musiqi festivalları, müsabiqələr, poeziya günləri keçirilir.

Şuşa işğaldan azad olunandan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan buraya rəsmi səfər etdi. Səfər zamanı iki ölkənin dövlət başçıları tərəfindən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu Bəyannamə imzalanmaqla ölkələr arasında Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının zirvə nöqtəsi, strateji tərəfdaşlığın yeni mərhələsi başlandı. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin güclənməsinə və ölkələrimizin regional güc mərkəzi kimi beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə müstəsna töhfədir.  Azərbaycan və Türkiyə arasında bu zamana qədər hərbi-texniki və strateji əməkdaşlıq olsa da, Şuşa Bəyannaməsi müttəfiqlik haqqında imzalanan ilk sənəddir. Şuşa Bəyannaməsi hərbi-siyasi təhlükəsizliyin təmin olunması ilə yanaşı, başqa qüvvələrdən gələcək təhdidlərlə mübarizə baxımından hüquqi əsaslar formalaşdırır. Şuşa indi nəinki bizim, dünya azərbaycanlılarının diqqət mərkəzində olan ən möhtəşəm şəhərdir.