Xəbərlər
“Şanlı qürur tariximiz”
Xaçmaz rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunan konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
“Şanlı qürur tariximiz” adlı konfransda çıxış edən Milli Məclisin deputatı Ağalar Vəliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və digərləri qeyd ediblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və sonrakı dövrdə Azərbaycan misilsiz hərbi-siyasi, diplomatik Qələbələr qazanıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub.
Bildirilib ki, Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasında Prezident İlham Əliyevin dərin zəkası və uzaqgörən siyasəti, xalq-iqtidar birliyimühüm rol oynadı. Bu gün Azərbaycan qalib dövlət kimi öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Tarixi Zəfərin qazanılmasında əziz xatirələri hər zaman ehtiramla yadd olunan qəhrəman şəhidlərin, eləcə də igid qazilərin misilsiz xidmətləri olub. Həmişə dövlətçiliyə sədaqəti ilə seçilən Xaçmaz rayon sakinləri müharibə dövründə istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərərək möhtəşəm Qələbənin əldə olunmasına öz layiqli töhfələrini verib, onlardan bir çoxu şəhidlik zirvəsinə ucalıb.
Tədbirdə xüsusi olaraq vurğulanıb ki, şəhid ailələri və qazilər hər zaman Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.
Deputat Ağalar Vəliyev konfransdan sonra şəhid ailələri və qazilərlə görüş keçirib. Beləki, deputatın təşəbbüsü və təşkilatçılığı ilə cari ilin oktyabr ayında Xaçmaz rayonundan olan şəhid və qazilərin ailə üzvləri daxil olmaqla, 62 nəfər Şuşa-Xankəndi-Laçın turuna göndərilib. A.Vəliyev 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatlarının 27 şəhidinin ailəsinə ildönümü mərasimlərinin keçirilməsi üçün maliyyə dəstəyi göstərib və şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq 550 nəfərlik ehsan mərasimi təşkil edib.
Həmçinin, Ağalar Vəliyev tərəfindən Zəfər Günü münasibətilə 111 şəhid ailəsinə və 119 qaziyə sosial problemlərinin həllinə köməklik məqsədilə maliyyə dəstəyi göstərilib. Görüş iştirakçılarına bildirilib ki, millət vəkili tərəfindən qeyd olunan, eləcə də, digər istiqamətlərdə müvafiq işlər bundan sonra da davam etdiriləcək.
Səmimi şəraitdə keçən görüşün iştirakçıları şəhid ailələrinə və qazilərə göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.