YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın tarixi Zəfəri: Gələcək nəsillərə miras

Malik Mirzəyev,

YAP Lerik rayon təşkilatının sədri

4 il əvvəl Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tarixi torpaqlarımızı işğaldan azad etməklə, ölkəmizin ərazi bütövlüyünü, suverenliyini və tarixi ədaləti bərpa etdi. 30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın Zəfəri ilə dünyaya səs saldı. Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə yazıldı.

44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər xalqımızı ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi. Müharibə zamanı Azərbaycan xalqı və dövləti torpaqlarımızın işğaldan azad olunması ilə bağlı var qüvvəsini ortaya qoydu. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Beləliklə, “yenilməz Ermənistan ordusu” barədə miflər darmadağın edildi.

Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin, bu müsahibələr informasiya məkanında düşmənin yalan üzərində qurulmuş təbliğat kampaniyasına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər Günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də hər il 8 noyabr tarixinin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi və həmin günün bayram günləri sırasına daxil edilməsi haqqında Sərəncam imzaladı. Şuşa şəhərinin noyabrın 8-də 28 illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək.