Xəbərlər
Tarixin şanlı anları: Zəfər Günü işığında
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
Qarabağ probleminin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da həmin dövrdə aparılan danışıqlar nəticəsiz qalmışdır. Uzun illər ərzində formalaşmış cəzasızlıq mühiti nəticəsində erməni qəsbkarları artıq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməyə başlamışdılar. Müharibəyə qədər ötən dövrdə erməni hərbi birləşmələri mütəmadi olaraq bütün sərhəd boyunca atəşkəsi pozur, mövqelərimizi və yaşayış məntəqələrini atəşə tuturdular. Prezident İlham Əliyev tərəfindən bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata və qüdrətli orduya sahib olması istiqamətində genişmiqyaslı islahatlar aparıldı.
2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini növbəti dəfə şiddətli artilleriya atəşinə tutmaqla, hərbi qulluqçularla yanaşı, 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etmiş oldu.
Xatırlamaq yerinə düşər ki, 1992-ci il mayın 8-də məhz Şuşanı ələ keçirməklə Ermənistanın silahlı qüvvələri Qarabağın işğalını başa çatdırmışdılar. Həmin hadisədən 28 il sonra isə, şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına, bütövlükdə “Dağlıq Qarabağ münaqişəsi”nə və ümumiyyətlə belə bir inzibati ərazi vahidi adının mövcudluğuna son qoydu.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə məhz 8 noyabr tarixinin respublikamızda Zəfər Günü kimi qeyd olunması İkinci Qarabağ savaşında tarixi Qələbənin əldə olunmasında Şuşanın işğaldan azad olunmasının ən önəmli amil olduğunu bir daha vurğulayır. Azərbaycan Ordusu qədim Şuşa şəhərini düşmən işğalından azad etməklə Ermənistanı kapitulyasiya etmək məcburiyyəti qarşısında qoydu. Çünki məhz Şuşanın işğaldan azad edilməsi həm strateji, həm də daşıdığı mənəvi dəyərlər baxımından müstəsna əhəmiyyət kəsb edirdi.
Bu gün müstəqil dövlətimiz özünün ən şanlı dövrünü yaşayır. 19 sentyabr 2023-cü il tarixində keçirdiyi antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağda məskunlaşmış separatizmin kökünü birdəfəlik kəsməklə ölkənin bütün ərazilərində öz suverenliyini tam bərpa etdi. Azərbaycan bir daha sübut etdi ki, tarixdə heç vaxt bu qədər güclü olmamışdır və Cənubi Qafqazda ölkəmizin yaratdığı yeni geosiyasi reallıqları artıq bütün dünya qəbul edir.