Xəbərlər
BRICS+ formatı: Qlobal siyasətdə yeni körpü
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
Oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib. Cənab İlham Əliyev Sammitdəki çıxışında diqqəti bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən yerinə və roluna yönəldərək bildirib ki, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan ölkəmiz Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
Dövlət başçısı XVI BRICS Sammitinin ilk plenar iclasındakı çıxışında qeyd edib ki, növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur.
Bu gün ölkəmizin istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, aparıcı dövlətlər Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir.
Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan beynəlxalq arenada özünü etibarlı tərəfdaş və dost kimi təsdiq edə bilmişdir.
BRICS sammiti ölkələr arasında ticarət, enerji, infrastruktur, kənd təsərrüfatı və texnologiya sahələrində əlaqələri inkişaf etdirmək məqsədi ilə çoxtərəfli sistemin gücləndirilməsinə hədəflənib. Bu təşəbbüslər xüsusən inkişaf etməkdə olan ölkələrin beynəlxalq arenada daha çox imkana sahib olmasına imkan verir. Nəticə etibarilə, Prezident İlham Əliyevin geosiyasi və qlobal reallıqları yaxından izləməsi və düzgün qiymətləndirməsi Azərbaycanı təhlükəsiz, inkişaf və tərəqqi yolunu tutmuş ölkəyə çevirib. Bu, Azərbaycanın dünya çapında qəbul edilmiş ciddi dövlət statusu qazanmasına töhfə verir.