Xəbərlər
Azərbaycan həqiqətləri dünyaya yayılır
Kamran Kazımov
Filologiya elmləri doktoru, professor
Artıq bir neçə gündən sonra Vətən Müharibəsində qazanılmış Zəfərimizin dördüncü ildönümünü təntənə ilə qeyd edəcəyik. Bu təntənəyə dünya dövlətlərindən COP29 tədbiri ilə əlaqədar Bakıya gələcək xeyli sayda xarici qonaqlar Azərbaycan həqiqətlərinin canlı şahidlərinə çevriləcəklər. Müharibə döyüş meydanlarında başa çatsa da beynəlxalq müstəvidə informasiya müharibəsi bu gün də davam edir. Öz sərkərdəlik qabiliyyətini yüksək səviyyədə nümayiş etdirmiş Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev beynəlxalq səviyyəli müxtəlif tədbirlərdə qətiyyətli və arqumentli çıxışları ilə dünya ictimaiyyətini fakt qarşısında qoyur. Mümkündür ki, hələ də elə bölgələr, elə ölkələr vardır ki, Azərbaycan haqqında kifayət qədər dəqiq məlumatlara malik deyillər, ya da düşmən təbliğatının təsiri ilə bizim barəmizdə həqiqətləri bilmirlər. Bu baxımdan Prezident İlham Əliyevin cari ilin 8 oktyabrında Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasındakı çıxışı və həmin tarixdə Moskvada “Rossiya-1” televiziya kanalına verdiyi müsahibəsi hələ də davam edən informasiya müharibəsi dövründə Azərbaycan həqiqətlərinin dünyanın yeni bir bölgəsinə çatdırılmasında uğurlu hadisədir. Dövlət başçımız öz çıxışında tarixi faktlara toxunaraq qeyd edib ki, Azərbaycan ümumi qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi. Daha sonra Azərbaycan Prezidenti iştirakçıların nəzərinə çatdırdı ki, 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan həmyerlilərimiz döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar. Bu tarixi faktı ən yüksək tribunadan söyləməklə dövlət başçımız sübut etdi ki, 41-45-ci ilin müharibəsində Rəşid Məcidov kimi çoxlu sayda azərbaycanlı qəhrəmanlarımız vuruşub və onlar ümumi Qələbəmizi təmin ediblər. Məhz bu qəhrəman igidlərin ardıcılları 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında olan əraziləri azad etdilər və hal-hazırda illər boyu dağıdılmış əraziləri bərpa edirlər. İndi həmin ərazilərdə yeni həyat başlanıb, keçmiş məcburi köçkünlər artıq öz doğma yurd-yuvalarına qayıdırlar. Ölkə Prezidenti daha bir mühüm məqamı xüsusilə vurğuladı ki, “MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”. Bir çox dünya ölkələrinin guya xəbərsiz olduğu, ya da ki, diqqət etmədiyi, üstündən susqunluqla keçdiyi Laçın rayonun digər Qarabağ torpaqları kimi 30 il düşmən tapdağında qalması və ermənilərin bu ərazimizdə vəhşiliklər törətməsi, şəhəri talayıb dağıtmaqları, işğal nəticəsində əhalinin etnik təmizləməyə məruz qalması, 300-dən artıq hərbi və mülki şəxsin həlak olması və itkin düşməsi, eləcə də 54 dünya, 200-dən artıq yerli əhəmiyyətli tarixi abidənin, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə obyekti və digər müəsisələrin talan edilməsi faktı Laçının MDB-nin mədəniyyət paytaxtı olması ilə bütün bu həqiqətlərin bir daha dünyaya çatdırılması deməkdir. Bu baxımdan daha bir siyasi uğurumuzdur. Prezident İlham Əliyev çıxışı zamanı ölkəmiz üçün digər önəmli hadisələrdən danışıb. Bildirib ki, növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində də keçiriləcək. Eyni zamanda, noyabr ayında Bakı ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək. Bu mötəbər tədbirin əhəmiyyətindən danışan Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz 200-ə yaxın dövlətin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirir. Xalqımız üçün sevindirici olan bu faktlar bizi istəməyənlərin ciddi narahatlığına və narazılığına səbəb olub. MDB dövlət başçılarının iştirak etdiyi mötəbər qurumun belə qərarlar qəbul etməsini Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və tərəfdarlarının mütləq məğlubiyyəti kimi qiymətləndirilməlidir. Onlar artıq bir həqiqəti dərk etməlidirlər ki, Azərbaycan haqq yolundadır və illər ərzində tapdalanmış ədaləti bərpa edib. Dünya güclərinin gücü çatmadığı bir missiyanı Azərbaycan özü təkbaşına həll etdi. Təbii ki, Azərbaycan dövləti bu görüşdə də Ermənistan üzərində ciddi uğurlar qazandı. Prezident İlham Əliyevin Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirakı, Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə təkbətək görüşündə çıxışı, qəbul edilən qərarlar bir daha təsdiqlədi ki, dünyəvi dövlət olmaq etibarilə Azərbaycan güclü dövlətdir.