YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Qubadlı Şəhəri Günüdür

Dörd il əvvəl oktyabrın 25-i Qubadlı şəhərinin və ətraf kəndlərin düşmən tapdağından xilas edilməsi ilə əlamətdar olub

Hər günü Zəfərlə dolu Vətən müharibəsinin 29-cu günü - 2020-ci il oktyabrın 25-i Qubadlı şəhərinin və ətraf kəndlərin düşmən tapdağından xilas edilməsi ilə əlamətdar olub. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı həmin gün özünün tviter hesabında bununla bağlı paylaşım edib: “Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Qələbənin dördüncü ilində Qubadlı şəhərinin azad olunmasına aparan yolu bir daha xatırlayaq.

Cəbrayıl və Zəngilan rayonlarının düşmən işğalından təmizlənməsi Şərqi Zəngəzurun qərb sərhədində dağlıq ərazidəki Qubadlıya gedən yolun açılmasında əhəmiyyətli rol oynayıb. Qubadlının şərqindəki Cəbrayılda düşmən hərbi birləşmələrinə sarsıdıcı zərbə vurulması və cənubdakı Zəngilanda aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb. Peşəkarlıqla və dəqiq döyüş taktikaları ilə aparılan hərbi əməliyyatlar nəticəsində Qubadlı şəhəri və rayonun kəndləri işğaldan azad edilib.

Milli Ordu hissələri Yazı düzünə Cəbrayıl rayonu istiqamətindən yarğanlar vasitəsilə irəliləyib və düşmənin 21 səngərinə və Qubadlı şəhərinə nəzarəti ələ keçirib. Digər bölmələrimiz isə Zəngilan istiqamətindən irəliləyərək Qubadlı rayonu və ətraf kəndləri işğaldan azad ediblər. Həmin hərbi əməliyyatlar nəticəsində oktyabrın 23-də əvvəlcə Alaqurşaq, Kürd Mahruzlu, Muğanlı və Zilanlı kəndləri Ordumuzun nəzarətinə keçib. Bundan iki gün sonra isə Qubadlı şəhəri, Çaytumas, Əfəndilər, Mollabürhan, Padar, Sarıyataq, Yusifbəyli və Xanlıq kəndləri işğalçılardan təmizlənib.

Bölgədə ən gərgin döyüşlərin getdiyi yerlərdən biri Yazı düzü yüksəkliyi olub. Strateji əhəmiyyətə malik həmin yüksəkliyin erməni quldur birləşmələrindən azad edilməsi uğrunda gedən döyüşlər zamanı Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov şəhidlik zirvəsinə ucalıb.

Qubadlı əməliyyatı, həmçinin ovaxtkı Laçın dəhlizinə və Gorus-Qafan yoluna nəzarəti ələ almağa imkan verib.

Bölmələrimiz, eləcə də Qubadlı-Laçın yolunu nəzarətə götürüb, yüksəkliyi tutub və düşmənin xeyli qüvvəsi zərərsizləşdirilib. Eyni zamanda, Zəngilan istiqamətində hücum nəticəsində düşmən tam mühasirəyə alınıb. İtki verən düşmən qüvvələri silah-sursat və texnikalarını ataraq qaçmağa başlayıb. Bu uğurlu əməliyyat nəticəsində həm yüksəkliklər, həm Qubadlı şəhəri, həm də ətraf kəndlər Ordumuzun nəzarətinə keçib, eyni zamanda, Qubadlı-Laçın yolunu da bağlamağa nail olunub. Beləliklə, Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Silahlı Qüvvələrimiz ovaxtkı Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlıda Azərbaycan Bayrağını ucaldan və şəhərin azad olunmasının hərbi əhəmiyyətindən danışarkən deyib: “Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu”.

Birinci Qarabağ müharibəsində Qubadlı rayonu 238 şəhid verib, 190 nəfər əlil olub, 78 nəfər itkin düşüb. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə göstərdiyi rəşadətə görə Qubadlıdan 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Rayonun 300-ə yaxın sakini könüllü olaraq Vətən müharibəsində iştirak edib. Onlardan 11-i şəhid olub, 40 nəfərdən çoxu döyüşlərdən qazi kimi qayıdıb. Rayonun Yusifbəyli kəndindən olan əsgər Vüsal Yaqubov ən gənc yaşda - 19 yaşında Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 25 oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi qeyd olunur.

İndi Qubadlıda həyat yenidən canlanır. Düşməndən təmizlənən ərazidə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şərqi Zəngəzurun qərb hüdudu olan Qubadlıda tikinti işləri plan üzrə aparılır.

Prezident İlham Əliyev Qubadlı azad olunduqdan sonra rayona bir neçə dəfə səfər edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhərinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “AzərEnerji” ASC-nin sistem əhəmiyyətli 1110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər.

2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar. Həmin gün onlar “Bərgüşadçay” və “Zabuxçay” su anbarının layihələri ilə tanış olublar, “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub.

2023-cü il mayın 4-də Prezident İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəb binasının, rayonun Xınalıq, Mahruzlu, Zilanlı kəndlərinin təməlini qoyub. Birinci mərhələdə Xınalıq kəndində 356, Mahruzlu kəndində 145, Zilanlı kəndində 159 fərdi evin tikintisi nəzərdə tutulur.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Qubadlı rayonunu kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəz kimi inkişaf etdirmək nəzərdə tutulur.