Xəbərlər
“Azərbaycan Parlament diplomatiyası” mövzusunda gənclərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında gənclərlə silsilə görüşlər davam edir. Gənclərlə növbəti görüş “Azərbaycan Parlament diplomatiyası” mövzusunda Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev ilə olub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən büstü önünə tər gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək bildirib ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Ölkəmizin xüsusilə beynəlxalq əlaqələrinin inkişafında Azərbaycan parlamentinin də xüsusi rolu var. Parlament diplomatiyası ölkəmizin xarici siyasət kursunda mühüm yer tutur. Bu baxımdan, Milli Məclisin beynəlxalq fəaliyyəti xüsusi qeyd olunmalıdır. Məlumdur ki, Milli Məclis bir sıra beynəlxalq təşkilatlarda təmsil olunur, eləcə də bir çox ölkələrin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir. Əlbəttə, parlament çox mühüm hakimiyyət qoludur və onun işində beynəlxalq fəaliyyət xüsusi yer tutur. Parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Bir sıra ölkələrin parlamentləri ilə sıx əlaqələr qurulub ki, bu, dövlətlərarası münasibətlərdə əhəmiyyətli rol oynayır. Buraya qanunvericilik sahəsində əməkdaşlığı, təcrübə mübadilələrini də əlavə etsək, onda Azərbaycan parlamentinin, ümumilikdə, ölkəmizin beynəlxalq fəaliyyətində nə qədər vacib rol oynadığını görə bilərik.
Çıxış edən Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev qeyd edib ki, gənclərlə görüşün baş tutduğu gün Birləşmiş Millətlər Təşkilatının yaranması gününə (24 oktyabr 1945-ci il) təsadüf edir. Birləşmiş Millətlər Təşkilatı (BMT) beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək, habelə dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək üçün yaradılmış beynəlxalq təşkilatdır. BMT unikal legitimliyə malik universal forum, beynəlxalq kollektiv təhlükəsizlik sisteminin dəstəkləyici strukturu, müasir çoxtərəfli diplomatiyanın əsas elementi hesab olunur. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında regionda lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və milli maraqlar əsasında xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir. Azərbaycanın fəal xarici siyasəti, o cümlədən parlament diplomatiyası, davamlı inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən aparıcı siyasi mərkəzlərindən birinə çevirməkdədir. Milli Məclisin sədrinin rəhbərliyi ilə nümayəndə heyətləri son illər bir sıra ölkələrə rəsmi səfər ediblər. Bu səfərlər çərçivəsində keçirilən görüşlər və aparılan danışıqlar zamanı Azərbaycanın bir sıra məsələlərlə bağlı mövqeyi, artıq tarixə qovuşmuş “Qarabağ münaqişəsi” haqqında həqiqətlər, Ermənistanın törətdiyi hərbi, siyasi təxribatlar faktlarla diqqətə çatdırılıb. İkitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlığın genişləndirilməsi üçün müzakirələr aparılıb. Eyni zamanda, Azərbaycan parlamentinin nümayəndə heyətləri hər zaman müvafiq beynəlxalq təşkilatların işində fəal iştirak ediblər. Bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, həm 44 günlük Vətən müharibəsi, həm də ötən ilin sentyabrında aparılan antiterror tədbirləri zamanı bütün cəmiyyətimiz kimi ölkə parlamenti də imkanlarını səfərbər edərək aktiv fəaliyyət göstərdi. Belə ki, bu dövrdə Azərbaycanın parlament diplomatiyasının bütün imkanları dünya ictimaiyyətinin məlumatlandırılmasına, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına sərf olundu.
Görüşdə gənclərin çoxsaylı sualları cavablandırılıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.