Xəbərlər
Yollar açılır, ümidlər çiçəklənir
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 25-i Qubadlı Şəhəri Günü ölkəmizdə təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması 25 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi ilə bağlıdır.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib.
Abbas Əliyev Qubadlı rayonunun tarixi, coğrafi mövqeyi, relyefi, təbii sərvətləri, təbiəti, burada min illiklər boyu azərbaycanlıların yaşayıb yaratdığı maddi-mədəniyyət nümunulərinin zəngiliyindən bəhs edib: “Qubadlı rayonu ölkəmizin cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində, olduqca əlverişli bir mövqedə yerləşir. Rayon ərazisində zəngin tarixi mədəni və dini abidələr mövcuddur. Əsasən, dağlıq relyefə malik olan Qubadlı Ermənistanla 120 km məsafəyə malikdir. Qubadlı şimaldan Laçın, Xocavənd rayonları, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilanla həmsərhəddir. Həkəri və Bərgüşad çaylarının ətrafında yerləşən Qubadlının zəngin torpaq örtüyü var. Rayon, həmçinin təbii faydalı qazıntılarla zəngindir. Qubadlı kənd təsərrüfatı rayonu kimi Ermənistanın işğalına qədər müxtəlif məhsulların becərildiyi mühüm bölgələrimizdən olub.
A.Əliyev qeyd edib ki, 1988-ci ildən başlayaraq Еrmənistan Qubadlı rayonuna müxtəlif istiqamətlərdən təcavüzkar hücumlar başladıb. Bu hücumlar nəticəsində dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilib. Qubadlı rayonu 1993-cü ilin avqustun 31-də Ermənistan tərəfindən tamamilə işğal olunub. İşğal dövründə isə rəsmi İrəvan Qubadlıda Cenevrə konvensiyalarına zidd olaraq qanunsuz məskunlaşma apararıb. Erməni lobbisinin maddi dəstəyi ilə Qubadlının Xanlıq kəndində qanunsuz olaraq qəsəbə salınıb və məskunlaşma həyata keçirilib. Təbii ki, heç vaxt işğal faktı ilə barışmayana Azərbaycan xalqı və qalib dövlətimiz İkinci Qarabağ müharibəsinin gedişində Qubadlının Ermənistanın işğalından azad edilməsi ilə strateji əhəmiyyət kəsb edən bir bölgəni öz nəzarətinə qaytarmış oldu.
Təşkilat sədri qeyd edib ki, şanlı ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub: “2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalın təsis edilməsi qəhrəman oğullarımızın sücaətinə verilən ən yüksək ali dəyərdir. Bu gün işğaldan azad edilən digər rayon və şəhərlərimiz kimi, Qubadlı da yeni dövrünü yaşayır. Cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyat canlanır. Burada yeni müasir standartlara cavab verən yaşayış kompleksləri, infrastruktur qurulur. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq proqram xarakterli işlər nəticəsində qısa zamanda qubadlılar öz ata-baba yurdlarına geri dönərək burada əbədi-xoşbəxt yaşayacaq.