Xəbərlər
Xəzər rayonunda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) və Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümü münasibətilə “18 Oktyabr Müstəqilliyin Bərpası Günü” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Konstitusiya Aktı ilə ölkəmizin dövlətçilik ənənələrinin və müstəqilliyimizin bərpa olunmasında əhəmiyyətli tarixi addım atıldı: “Müstəqilliyimizin gücləndirilməsi mərhələsində demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində mühüm rola malik olan tədbirlərin həyata keçirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin düşünülmüş daxili və xarici siyasəti bu gün Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi və davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov bildirib ki, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü xalqımızın tarixində ən qürurverici səhifələrdən biridir: “Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Dahi Lider Heydər Əliyevin dövlət suverenliyinin qorunması, ölkəmizin bütün istiqamətlərdə inkişafı naminə həyata keçirdiyi islahatlar Azərbaycanın bugünkü nailiyyətlərinin bünövrəsini təşkil edir.
Xəzər rayonu, Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin direktoru Zeynəb Əliyeva çıxışında qeyd edib ki, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü Azərbaycan Respublikasının önəmli milli bayramlarından biridir: “Məhz bu gün xalqımız üçün dərin tarixi əhəmiyyət kəsb edir. Müstəqilliyin Bərpası Günü, xalqımızın dövlətçilik və azadlıq yolundakı mübarizəsinin simvolu kimi dəyərləndirilir.
Gənc fəallar Səkinə Həsənzadə və Turan Zeynalzadə diqqəti 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının əhəmiyyətinə yönəldiblər.
Sonda Yeni Azərbaycan Partyasının Himni səsləndirilib.