YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdışın sevinci

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində Zəngilan şəhəri Zəfər yürüşünün 24-cü günündə - oktyabrın 20-də erməni işğalından azad edilib. Şəhərin erməni işğalçılarından təmizlənməsindən artıq 4 il ötür.

2020-ci ilin oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu bəyan edib. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini Zəngilanda ağır məğlubiyyətə uğradaraq, düşmənin xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxarıb.

Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan və İran arasında dövlət sərhədi tam nəzarətə götürülüb. Prezident İlham Əliyevin Sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Bu rayon 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Zəngilan şəhərini və rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələri, qəbiristanlıqları məhv edib. İşğalçılar, həmçinin Zəngilanın zəngin təbiətinə qarşı ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” dövlət təbiət qoruğunda qiymətli ağacları kəsərək xarici ölkələrə satıblar. Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Nəticədə təbiətə, ətraf mühitə ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub.

Hazırda işğaldan azad edilən digər ərazilərimiz kimi, Zəngilan şəhəri və kəndlərində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Tezliklə Zəngilan respublikamızın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Artıq Zəngilanda Böyük Qayıdış Proqramı çərçivəsində bir çox layihələr reallaşdırılıb. Prezident İlham Əliyevin tapşırığı ilə Böyük Qayıdışın ilk ünvanı olan Zəngilanın Ağalı kəndində “ağıllı kənd” konsepsiyası əsasında müasir, yeni evlər inşa olunub. Keçmiş köçkünlərin doğma yurd-yuvalarına qayıdışı, həyata keçirilən infrastruktur layihələri hər birimizdə böyük qürur hissi yaradır.