YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngilan müasir dövrün tələbləri əsasında yenidən qurulur

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

İllər ötsə, qərinələr dolansa da Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə həkk olunan Vətən müharibəsi hər zaman möhtəşəm Qələbənin yazıldığı bir tarix kimi xatırlanacaq. Zəngilanın işğaldan azad olunması ilə nəticələnən Qələbə ruhlu 20 oktyabr 2020-ci il tarixi şərəf və qürur tariximizə çevrilib. Qazanılan bu Zəfər təkcə silahın gücü deyil, həm də Prezident İlham Əliyevin milli maraqlarımıza söykənən üzaqgörən siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir.

Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. 

Artıq Böyük Qayıdış Proqramı çərçivəsində Zəngilan rayonunun yeni inkişaf dövrü başlayıb. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə məhz Zəngilanda icra edilib, Ağalı kəndində 200 evdən ibarət “ağıllı kənd” salınıb. Azərbaycanın “ağıllı kənd” layihəsinin yeni mərkəzi olan Ağalı kəndinin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün fəxrlə deyə bilərik ki, Ağalı dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var, burada günəş enerjisinin böyük potensialı var.

Qürur duyuruq ki, Zəngilanda müxtəlif istiqamətlərdə fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, hətta bir az da tez ola bilər, Zəngilan şəhərinin ilk sakinləri doğma yurda qayıdacaqlar.

Bu gün Zəngilanda logistik layihələr uğurla icra olunur. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan keçən dəmir və avtomobil yolları ilə Naxçıvana gediş mümkün olacaq. Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarətdir. 

Məlumdur ki, Zəngilan mühüm nəqliyyat qovşağıdır. Bu rayon nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. 

Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsininin onun bir parçası olan Naxçıvan Muxtar Respublikası (MR) ilə birləşdirilməsi nəzərdə tutulur. Bu dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan MR-i bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə bu Fond məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Zəngilana səfərləri xalqımızın yaddaşına unudulmaz anlarla yazılır. Dövlət başçısının apardığı uğurlu, məqsədyönlü, düşünülmüş və qətiyyətli siyasət sayəsində ölkəmizin nəinki ərazi bütövlüyü, suverenliyi təmin edilib, həmçinin inkişafa yeni pəncərələr açılıb.

İnanırıq ki, tezliklə bütün Qarabağ torpağı abadlaşacaq və həyat yenidən öz axarına düşəcək. Bütün bu qələbələr Prezident, Ali Baş Komandan İlham Əliyevin parlaq zəkası, uğurlu siyasəti, şəhid və qazilərimizin canı-qanı bahasına əldə olunmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin!