YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər müjdəli Füzuli...

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

2020-ci il oktyabrın 17-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Füzuli şəhərini işğaldan azad etməsi mühüm əhəmiyyətə malik bir hadisə olmaqla dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Sevinc müjədli bu xəbər bütün Füzuli sakinlərinin 30 illik həsrətinə son qoydu.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Füzuli Şəhəri Gününün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Düşmən tərəfindən evləri sökülüb talan edilən, meşələri qırılıb məhv edilən Füzuli rayonu bu gün həyata keçirilən bərpa-quruculuq işləri nəticəsində yeni və daha gözəl görkəm almaqdadır. Füzuli şəhərində infrastruktur bərpa olunur, yaşayış binaları tikilir, kəndlər yenidən qurulur.

Artıq Böyük Qayıdış Proqramı çərçivəsində Füzuli şəhərinin sakinlərinin bir hissəsi doğma yurda dönüb. Fəxrlə deməliyəm ki, Füzuli sakinlərinin doğma yurdlarında rahat və xoşbəxt yaşaması üçün bütün zəruri tədbirlər görülür. 2026-cı ilin sonunadək 22 min keçmiş köçkünün Füzulidə, ümumilikdə isə 140 min insanın Qarabağ və Şərqi Zəngəzurda məskunlaşacağı planlaşdırılır. Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyət nümayəndələri ilə görüşündə deyib ki, azad edilmiş ərazilərimizdə gözəl evlər tikiləcək, gözəl şərait yaradılacaq. Artıq bu vədlər gerçəkdir, bu, reallıqdır. Füzulinin yeni siması göz oxşayır. Vətən müharibəsində Füzuli şəhəri də daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri şanlı ordumuz tərəfindən azad edildi.

Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkir. Belə ki, şanlı ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində düşmənin ərazidən ancaq qaçmaq yolu qalırdı. Bu, belə də oldu. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün də bir çox ölkənin hərbi məktəblərində maraqla öyrənilir. Bir vaxtlar biz Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun işğal gününü böyük kədərlə qeyd edirdik. Artıq həmin günlər geridə qaldı. 27 illik işğaldan sonra rəşadətli ordumuz Vətən müharibəsində yeni tarix yazdı. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Cənab İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 17-də xalqa çatdırdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

Şəhər günün mübarək, Füzuli!