YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Füzuli sakinləri öz doğma yurdlarına dönüş sevincini yaşayırlar

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Xalqımız Azərbaycan Ordusunun 44 gün ərzində böyük zəfərlərə imza atdığı tarixi Qələbənin ildönümü ilə yanaşı, işğaldan azad edilən şəhərlərin xüsusi günlərini bayram edir. Ölkə Başçımız cənab İlham Əliyevin sərəncamları ilə 26 Avqust – Laçın Şəhəri Günü, 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü, 17 Oktyabr – Füzuli Şəhəri Günü, 20 Oktyabr – Zəngilan Şəhəri Günü, 25 Oktyabr – Qubadlı Şəhəri Günü, 8 Noyabr – Şuşa Şəhəri Günü, 20 Noyabr – Ağdam Şəhəri Günü, 25 Noyabr – Kəlbəcər Şəhəri Günü kimi xalqımızın bayramları çərgəsində yer aldı.

Artıq qalib xalqımız hər il oktyabr 17-də Füzuli Şəhəri gününü bayram edir. Ölkə Prezidentimiz cənab İlham Əliyevin 2023-cü oktyabr 17-də Füzuli Şəhər günündə yeni inkişaf mərhələsini yaşayan qəhrəman şəhərin sakinləri ilə görüşü dövlətimizin gücünün, qüdrətinin daha bir göstəricisi oldu. Bütün azad olunmuş torpaqlar kimi, talana, dağıntıya məruz qalan Füzuli rayonunun bərpası, yenidən qurulması, 30 il əvvəlki axarına qaytarılması Zərəf yolunda inamla irəliləyən Azərbaycanın xoş niyyətinin bariz təcəssümüdür.

44 günlük Vətən müharibəsinin, xalqımızın Zəfər salnaməsinin ilk günləri Füzuli rayonunun bir neçə kəndinin azad edilməsi ilə başladı. Mübariz ordumuzun igid, çəsur əsgər və zabitləri cəbhənin digər nöqtələrində olduğu kimi, Füzuli şəhəri istiqamətində də düşmənin müqavimətini qıraraq onları geri çəkilməyə məcbur etdi. 30 ilə yaxın işğal etdikləri torpaqlarda mürəkkəb müdafiə mövqeləri quran düşmən Azərbaycanın vətənpərvər oğullarının qəhrəmanlıqları qarşısında təslim olmaqdan başqa yolun olmadığını anladı.

44 günlük Vətən müharibəsinin 22-ci günü Füzuli işğaldan azad edildi, düşməndən təmizləndi. Ordumuzun ən uğurlu əməliyyatlarından biri kimi həm Azərbaycan, həm də dünya hərb tarixinə düşən Füzuli əməliyyatından sonra şad xəbəri xalqa çatdıran Ali Baş Komandan İlham Əliyev qeyd edir: “Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik…Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar da”.

Böyük hərbi peşəkarlıq nəticəsində Füzuli şəhərini işğaldan azad etməsi Azərbaycan Ordusunun növbəti strateji uğuru idi. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı”.

“Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram.” Qalib Prezidentimizin qürurla söylədiyi bu sözlər Müzəffər Ali Baş Komandanın nəyi, necə, nə vaxt etmək lazım olduğunu yaxşı bildiyinin daha bir real mənzərəsidir.

Düşmən işğalından azad olunanda ücrəngli bayrağımızı qaldırmağa salamat binası tapılmayan Füzuli indi tamamilə yenidən qurulur. İllərdir əsl sahibinə həsrət qalan torpaqlartımız kimi Füzulidə də həyat yenidən canlanır. Yeni siması göz oxşayan, çiçəklənən Füzulidə bu gün işğaldan azad olunmuş digər bölgələrimiz kimi, kəndlər, qəsəbələr yenidən qurulur, evlər, məktəblər, xəstəxanalar tikilir, avtomobil və dəmir yolları çəkilir. Hazırda Füzuli sakinləri öz doğma yurdlarına dönüş sevincini yaşayırlar. Sevindirici haldır ki, Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan öz dədə-baba ocaqlarında məskunlaşacaqlar.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olunan “Qarabağın Şərq qapısı” Füzuli bu gün sürətlə yenidən qurulur, inkişaf edir.