YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət və xalq qarşısında qoyulan müqəddəs vəzifə yerinə yetirildi

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Ölkəmizin dilbər guşələri olan Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərində Azərbaycanın üçrəngli bayrağının ucaldılmasının bir ili tamam olur. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsinə - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinə nail oldu.  Azərbaycan xalqı 30 ildən çox öz böyük Qələbəsini gözləmişdir. Bu sevinci və qüruru xalqımıza Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev yaşatdı.

Dövlət başçımız ötən il oktyabrın 15-də iş­ğaldan azad edilmiş Xankəndi şəhərin­də Azərbaycan Bayrağını qaldırarkən xatırlatdı ki, mən ilk dəfə prezident se­çilərkən xalqa söz vermişdim ki, Azər­baycan dövlətinin milli maraqlarını müdafiə edəcək, ölkəmizin ərazi bütöv­lüyünü qoruyacağam: “Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and iç­mişdim. Şadam ki, son 20 il ərzində ver­diyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

Cənab Prezident ona görə dedik­lərini reallığa çevirə bilir ki, xalq ona inanır, etimad göstərir və hər addımda dəstəkləyir. Ona görə də dövlət başçı­mız Xankəndidə xatırlatdı ki, bu gün bu­rada olmağımızın əsas səbəbkarı Azər­baycan xalqıdır, Azərbaycan övladıdır: “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhid­lərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq”.

Ötən illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da geniş coğrafiyada böyük məna daşıyır. İnanırıq ki, qələbə əbədi bizimlə olacaq. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqı yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. Vətən müharibəsi cəmi 44 gün çəkdi. Biz Şuşanı – bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq.

Dövlət başçımızın Xankəndidəki çıxışının bütün müddəaları bizim üçün maraqlı və əlamətdar olsa da, bəzi məqamlar var idi ki, onları məhz xü­susilə vurğulamalıyıq. Məsələn, döv­lət başçımız xatırlatdı ki, indi üstündə Azərbaycan Gerbi görünən, qarşısında Dövlət Bayrağımız dalğalanan bu bina keçən əsrin 60-cı illərində Azərbaycan büdcəsi hesabına inşa edilmişdir. O vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti partiya komitəsinin binası idi. “Vaxt var idi bu­rada azərbaycanlılarla ermənilər dostluq şəraitində yaşamışlar. Vaxt var idi nəinki Xankəndidə, Qarabağda, Bakıda, Gən­cədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbay­canlılar və ermənilər dostluq şəraitində yaşamışlar. Mən o illəri xatırlayıram və xüsusilə Heydər Əliyev sovet Azər­baycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkil­mişdi. Düz 18 il. 1969-cu ildən 1982-ci ilə qədər bir dənə də xoşagəlməz hala rast gəlinməmişdi”. 

Bəli, cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə. Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində bu qədər ərazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini guya donduraraq kənara çəkildilər.

Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etdi. Bu gün Azərbaycanın bütün yaşa­yış məntəqəllərində, dövlət müəssisələ­rində, xarici ölkələrdəki diplomatik nü­mayəndəliklərimizdə, üzvü olduğumuz beynəlxalq təşkilatların önündə Azər­baycan Bayrağı dalğalanır. Hətta, kos­mosdakı rabitə peyklərimizin üzərində də üçrəngli, ay-ulduzlu müqəddəs dəyə­rimizin şəkili var. Lakin Xankəndidə dalğalanan bayrağımızın əzəməti özgə aləmdir. Əminik ki, Xankəndi şəhərində qaldırılan Bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq.