Xəbərlər
Təkmil inkişaf modeli
“Dövlət başçısı İlham Əliyev ötən ilin 15 oktyabr tarixində, ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Bununla da verilən bütün vədlər, qarşıya qoyulan vəzifələr icra edildi. Xalqımız daim bu arzu ilə yaşayırdı: Azərbaycan Bayrağı Qarabağda, Şuşada, Xankəndidə dalğalansın, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsın. Bu arzunun reallığa çevriləcəyi heç kəsdə şübhə doğurmurdu. Çünki müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev 1993-2003-cü illərdə elə möhkəm təməl yaratmışdır ki, Prezident İlham Əliyev bu siyasəti layiqincə davam etdirərək Azərbaycanı zirvələrə ucaldır, zəfərlərdən-zəfərlərə aparır. Cənab İlham Əliyev Xankəndi şəhərindən xalqa müraciətində qeyd edib: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və Qurani-Kərimə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Deputat qeyd edib ki, möhkəm təməl uğurların əsasıdır: “1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın qarşısında geniş imkanlar və üfüqlər açıldı. Yaxın günlərdə müstəqilliyimizin bərpasının 33-cü ildönümünü qeyd edəcəyik. Bu illər Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı dövrlərinin bələdçisidir. 1993-cü ildən başlanan inkişaf, tərəqqi yolu Azərbaycanı tarixi Zəfərinə, ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsinə qovuşdurdu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Bugünkü reallıqları 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu”.
Malik Həsənov bildirib ki, Azərbaycan bu illər ərzində bütün sahələrdə davamlı uğurlara imza atdı, təkmil inkişaf modeli dünyada təqdir edilir: “Ölkəmiz gücləndi, dünya miqyasında özünə layiq yer tutdu. Azərbaycanın mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da geniş coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində Qarabağ probleminin həlli üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Eyni zamanda, güclü iqtisadiyyat yaradıldı və son 21 ildə bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Cənab İlham Əliyevin “Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır” çağırışı həyata keçirilən siyasətin əsasını təşkil edir. Dövlətimizin başçısı tarixi Zəfərimizin və suverenliyimizin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən sonda bu məqamı xüsusi vurğulayır ki, bunlara nail olmaq üçün iqtisadiyyat inkişaf etdirilməlidir. İqrtisadi tərəqqi bütün sahələrdə davamlı inkişafı şərtləndirir. Bu illər ərzində elə bir güclü ordu yaradıldı ki, bu gün istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Silahlı Qüvvələrimiz bunu dörd il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur, eyni zamanda, ötən ilin sentyabr ayında cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində suverenliyimizi tam bərpa etməklə sübut etdi. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Azərbaycan xalqı haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edir. Ermənilərin və erməni diasporunun illərdir yaratdıqları miflər dağıdıldı. Bu gün böyük inamla qeyd edirik ki, rəşadətli ordumuz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb”.
Deputat vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il Xankəndi şəhərindən bu çağırışı da etdi: “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın”.
Malik Həsənov onu da qeyd edib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağa, Şərqi Zəngəzura hər bir səfəri tarixi hadisə olmaqla yanaşı, bu torpaqlarımızın bərpası, yenidən qurulması istiqamətində mühüm addımlarla zəngindir: “Əsas hədəf Böyük Qayıdış Proqramının icrasını tezliklə ən yüksək səviyyədə, tam şəkildə başa çatdırmaqdır. Bu torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri soydaşlarımızın mərhələ-mərhələ bu ərazilərə qayıdışını təmin edir. Təkcə cari ildə üç şəhərə - Şuşaya, Xocalıya və Cəbrayıla qayıdış həyata keçirilib. İlin sonuna qədər Xankəndi və Kəlbəcər şəhərlərinə də qayıdış reallaşacaq. Hazırda 5 şəhər və 4 kənd sakinlərinə qovuşub. Bu torpaqlarda soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün zəruri addımlar atılıb. Əsas məqsəd insanların yüksək rifah şəraitində yaşayışını təmin etməkdir. Bu torpaqlarımız müasir tələblər səviyyəsində yenidən qurulması, bütün yeniliklərin burada öz əksini tapması ilə diqqətdədir. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”, DOST layihələrinin sırasına “ağıllı şəhər”, “ağıllı kənd” də daxil ediləcək. Bütün şəhər və kəndlər Baş plan əsasında yenidən qurulur, bərpa edilir. Zəfərlərimiz tariximizdə əbədi olacaq. İndiki və gələcək nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.
Deputat bu mühüm məqamı da vurğulayıb ki, Füzuli Şəhəri Günü ərəfəsindəyik: “Dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq 17 oktyabr Füzuli Şəhəri Günüdür. Bu mühüm sənəd Zəfərimizin əbədiləşdirilməsinə və şəhər günlərinin təsis edilməsinə xidmət edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il Füzuli rayonuna səfəri zamanı Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu məqamı böyük qürur hissi ilə qeyd etdi ki, necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür”.
“Hazırda işğaldan azad edilən digər ərazilərimiz kimi, Füzuli də yenidən qurulur, bərpa edilir, cənnət məkana çevrilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərə ilk səfəri Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə oldu. 16 noyabr 2020-ci ildən başlanan ilk səfərdən bu günədək azad edilmiş torpaqlarda görülən işlərə diqqət yetirsək onları sadalamaqla bitməz. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Bu əminlik də ifadə edilir ki, eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik”, - deyə Malik Həsənov bildirib.