Xəbərlər
Biz həmin gün tarixi anlar yaşadıq
“Oktaybrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və Əsgəranda üçrəngli bayrağımızı ucaltmasının bir ili tamam olur. Azərbaycan xalqı olaraq bu anları sonsuz iftixar və qürur hissi ilə izlədik. Həqiqətən də, biz həmin gün tarixi anlar yaşadıq”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan cəmiyyəti Xankəndidə və digər ərazilərimizdə bayrağımızın ucaldılmasını səbirsizliklə gözləyirdi. Nəyahət, o şərəfli və tarixi gün də gəldi. Nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızın ucaldılmasının sevincini bizlərə tarixi gündə - Prezident seçilməsinin 20-ci ilinin tamam olduğu 15 oktyabr 2023-cü ildə yaşatdı.
Millət vəkilinin sözlərinə görə, həmin gün dövlətimizin başçısı Xankəndi şəhərində bayrağımızı ucaltdıqdan sonra Azərbaycan xalqına tarixi müraciət etdi. Cənab Prezidentin müraciətində dediyi kimi, Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.
Fatma Yıldırım qeyd edib ki, Ermənistan Xankəndi şəhərimizi 30 il ərzində sözün əsl mənasında separatizm yuvasına çevirmişdi. Burada qanunsuz “prezident”, “parlament” seçkiləri keçirilir, hansısa vəzifələr təsis edilir və Azərbaycan əleyhinə bəyanatlar səsləndirilirdi. Xankəndidə yuva salan separatçılar o qədər azğınlaşmışdılar ki, onlar Bakıya tanklarla gələcəklərini bildirirdilər. Bəli, onlar Bakıya gəldilər, daha doğrusu gətirildilər. Onlar Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə məhkəmə qarşısında cavab verəcəklər.
“Eyni zamanda, hazırda Xocalıda bayrağımızın dalğalanması “miatsum” xəstəliyinə tutulmuş ermənilər üçün tarixin daha bir ironiyasıdır. Ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə burada azərbaycanlılara qarşı soyqırım törətdilər. Şəhər bir neçə saatın içində tamam məhv edildi, uşaqlara, qadınlara, qocalara belə aman verilmədi. Xocalı yarası hər bir azərbaycanlının qəlbini göynədir, qaysaq bağlamırdı. Prezident İlham Əliyev ötən il 15 oktyabrda Xocalıda da üçrəngli bayrağımızı ucaltdıqdan sonra soyqırımı qurbanlarının, bütün şəhidlərimizin ruhları rahatlıq tapdı. Qisasımız qiyamətə qalmadı! Şükürlər olsun ki, bu gün uzun illər işğal altında olmuş yurdlarımız azaddır. Bizə bu qüruru yaşadan Müzəffər Ali Baş Komandanımızla, rəşadətli ordumuzla qürur duyuruq, şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edirik”,-deyə deputat söyləyib.