Xəbərlər
Fəal siyasi dialoq özünü qabarıq göstərir
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının görüşündə Prezident İlham Əliyev çıxışı mühüm mesajlarla yadda qaldı. Dövlət başçısının bu çıxışı həmişəki kimi, dolğun və məzmunlu idi.
Bu görüş Azərbaycan və Rusiya dövlətləri arasında münasibətlərin olduqca isti olduğunu bir daha göstərdi. İki ölkənin dövlət başçılarının mütəmadi olaraq keçirdikləri görüşlərdə fəal siyasi dialoq özünü qabarıq göstərir. Bu görüşlər demək olar bütün sahələrdə münasibətlərin inkişafına təkan verir. Son illərdə Rusiya ilə Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin dərinləşdirilməsi üzrə çox böyük işlər görülüb. Artıq onun praktik nəticələri göz önündədir. Bunu Rusiya Prezidenti Vladimir Putin öz çıxışı zamanı vurğuladı. Azərbaycan və Rusiya arasında münasibətlər müsbət məcrada inkişaf edir, tərəflər bir çox maraqlı layihələr həyata keçirirlər.
Prezident İlham Əliyev də çıxışı zamanı iki ölkə arasında müttəfiqlik məsələlərindən bəhs edərək vurğuladı ki, Rusiya Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri münasibətlərin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərin ardıcıl inkişafı işinə xidmət edəcək.
Dövlət başçısı qeyd etdi ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Bu qərar həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.
Cənab İlham Əliyev ölkəmizdə görüləcək işlər haqqında da məlumat verərək bildirdi ki, növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Həmçinin, hazırda Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşmasından söhbət açan dövlət başçısı ölkəmizdə bununla bağlı silsilə tədbirlərin başlanmasını qeyd etdi. Qalib Liderin bildirdikləri beynəlxalq aləmə mesaj notlarının zənginliyi baxımından diqqət çəkir. Azərbaycanın növbəti dəfə mötəbər beynəlxalq tədbirə, COP29-a ev sahibliyi etməsi amilinin bəzi dövlətləri qıcıqlandırdığını, xüsusilə də Qərbdən maliyyələşən təşkilatların son zamanlar ölkəmizə qarşı qarayaxma kampaniyası apardığını qeyd edən cənab İlham Əliyevin bütün bunların heç bir nəticə verməyəcəyini bildirməsi əsas məqamlardan biridir.
Prezident İlham Əliyev Azərbaycanın SSRİ-dəki önəmli yerindən bəhs edərək aşağıdakıları söylədi: “Azərbaycan İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşa”lar, “Yak-3” qırıcıları istehsal edilirdi. Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar”.
Daha bir tarixi həqiqətin görüşdə səsləndirilməsi yaddaşların yenilənməsi baxımından əhəmiyyətli mesaj idi. Belə ki, Prezident İlham Əliyev 416-cı Azərbaycan atıcı diviziyasının 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil olmasını belə şərh etdi: “Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar. 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək”.