Xəbərlər
İnam və etibarın məntiqi nəticəsi
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib.
Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunur. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdırlar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.
Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Laçın şəhərinə xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır. Çünki erməni vandalizminə məruz qalan abidələrimiz bərpa oluna və yenidən Azərbaycan xalqının maddi mədəniyyətini dünyaya nümayiş etdirə bilər.
Artıq Laçın yenidən sülh və əmin-amanlıq dövrünə qayıdıb. Bu şəhər yeni bərpa-inkişaf dövrünü yaşayır. Laçında aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri onun sakinləri üçün ən müasir standartlara uyğun həyat şəraiti təmin edir. Bu gün Laçın və laçınlılar gələcəyə böyük inam və ümidlərlə baxırlar. Ölkəmizin ən cazibədar guşələrindən biri olan Laçın şəhərinə həyatın qayıtması ilə bütün Azərbaycan xalqı öz tarixinin ən qürurlu səhifələrindən birini yaşayır. Azərbaycan xalqı bu Zəfəri qazananları və bu möhtəşəm tarixi yaradanları heç vaxt unutmayacaq.
Həmçinin, Azərbaycan Prezidenti çıxışında növbəti il III MDB Oyunlarının ölkəmizdə keçiriləcəyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.
Bu tarixi qərarlar Azərbaycana olan güclü inam və etibarın məntiqi nəticəsidir.