YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbə ruhu ilə strateji hədəflərə doğru

Meydanəli Yolçiyev

YAP Daşkəsən rayon təşkilatının sədri

2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli Dövlət Bayrağımız əbədi ucaldıldı. Ardınca dövlət başçısının Xankəndidən Azərbaycan xalqına etdiyi müraciət tək region ölkələrində deyil, postsovet məkanında geniş əks-səda doğurdu və hələ uzun müddət müzakirə mövzusu olaraq qalacaq.

Dövlətimizin başçısı Xankəndidə bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini qoydu, bilavasitə uğurlu fəaliyyətinin hesabatını verdi. Ötən müddət ərzində dövlətimiz yalnız inkişaf etdi, gücləndi, iqtisadiyyatımız günü-gündən qüdrətləndi, vətəndaşlarımızın rifahı yüksəldi. Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin sirri siyasət elmini, diplomatiyanı, idarəetməni, beynəlxalq münasibətləri dərindən bilməsi, rəhbərlik etdiyi dövləti ürəkdən sevməsi, xalqına olan sonsuz məhəbbəti ilə əlaqədardır. O, heç bir fərq qoymadan hər bir azərbaycanlının Prezidenti olmağı bacardı, üzərinə düşən vəzifələri ən ali peşəkarlıqla yerinə yetirdi. Əsl Azərbaycan kişisi olaraq verdiyi hər bir sözə, vədə sahib çıxdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sarsılmaz milli birlik və həmrəylik mühiti yaradıldı, siyasi və iqtisadi müstəqillik təmin edildi, ordu müasirləşdirildi. Həmçinin öz canını Vətən yolunda fəda etməyə hazır olan gənc nəsil tərbiyə olundu və onlar 30 il işğal altında qalan torpaqlarını azad edərək Qarabağda separatçıların yuvasını məhv etdilər. Beləliklə, Prezident İlham Əliyev Azərbaycan xalqına son 200 ilin ən şərəfli və şanlı tarixini yaşatdı. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanı gələcəkdə daha böyük uğurlar və qələbələr gözləyir.

Dünyanın aparıcı beyin mərkəzləri Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, əzəli torpaqlarını azad etməsini analiz edir, mülahizələr səsləndirirlər. Birmənalı şəkildə bildirirlər ki, bunun bir səbəbi var, o da Azərbaycanda mövcud hakimiyyətlə xalq arasında formalaşan sarsılmaz inam və birlikdir. Məhz bu sarsılmaz birlik 30 illik işğala son qoyub, Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirib çıxarıb.

Beləliklə, Qarabağ uğuru ilə on milyonluq Azərbaycan xalqının qalib Liderinə olan sevgisi birə-min artdı. O, “Əbədi Prezident” kimi qəlblərdə yer aldı. Çünki 30 illik erməni işğalına son qoymaqla dövlət başçısı Azərbaycan xalqının qürurunu özünə qaytardı və bundan böyük qələbə ola bilməz. Uzun illər Qarabağ nisgili, torpaqlarımızı azad görmək arzusu ilə yaşadıq və bütün ağrı-acılara dözdük. Problemin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti ilə bağlı səbir etdik. Məhz 27 sentyabr 2020-ci il tarixi bu səbrin son nöqtəsi oldu. Erməni təxribatının qarşısının alınması ilə başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Azərbaycan 44 gün ərzində torpaqlarının böyük bir hissəsini azad etdi, separatizm kimi mənfur bir bəlanın “belini qırdı”. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərinin məntiqi yekunu isə Xankəndidə Dövlət Bayrağımızın dalğalanması idi.

Bəli, cənab İlham Əliyev uzaqgörən və müdrik addımları ilə ötən dövrdə müstəqil, güclü Azərbaycan dövlətinin hərtərəfli davamlı tərəqqisini təmin etdi, doğma torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etməklə müasir tariximizin qızıl səhifələrini yazdı.

Bütün bunlar onu deməyə əsas verir ki, azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağını ucaldan, “Qarabağ Azərbaycandır!” formulunu dünyaya qəbul etdirən Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca Zəfərlərdən-Zəfərlərə aparacaq. Regionlarımız ötən dövrdə xeyli müsbətə doğru dəyişib, tikinti-quruculuq işləri aparılıb, rayonlarımız yeni görkəm alıb. İnanırıq ki, torpaqlarımızı hərbi-siyasi yolla tamamilə işğalçılardan azad edən Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda başlatdığı abadlıq işlərini, Böyük Qayıdış Proqramını uğurla yekunlaşdıracaq.

DİGƏR Xəbərlər Arxiv