Xəbərlər
Aida İmanquliyevanın tədqiqatlarında gender və qadın hüququ fəlsəfi paradiqmaları
Rəna Mirzəzadə
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor
XX əsr Azərbaycan ictimai elmində xüsusi çəkisi, dəyərli əsərləri ilə öz yeri və rolu olan görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın araşdırmalarının vacib əhəmiyyəti vardır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva söyləyib: “Məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti mənə anam - nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb. Hər bir ədalətsizliyə qarşı barışmaz mövqedə dayanan, işinə, elmə və pedaqoji fəaliyyətə hədsiz sədaqətli olan anam öz qısa həyatında inanılmaz zirvələri fəth etdi. O, müasir ərəb ədəbiyyatının tədqiqi sahəsində öz yeni elmi məktəbini yaratdı, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru oldu. Anam dünya şöhrətli alim idi, onun əsərləri bu gün də elmi dairələrdə yüksək qiymətləndirilir. Lakin bununla yanaşı, o, hər zaman adı böyük hərflərlə yazılan əsl qadın olaraq qalırdı. Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi. Onun yoxluğunu hər zaman hiss edirəm”.
Aida İmanquliyevanın əsas tədqiqat predmeti olan ərəb muhacir ədəbiyyatının nümayəndələri öz fikir və yanaşmalarında bir şərqli olaraq, həm də Qərb dünyası düşüncəsi ilə bağlıdırlar. A.İmanquliyeva tədqiqatlarında milli-mənəvi dəyərlər sistemi bəşəriliklə verilərək, mədəniyyətlər və sivilizasiyalararası problemlərin oxşar və fərqlilikləri multikultural vəhdətdə elmi təhlilə gətirilmişdir. Aida xanım öz araşdırmalarında sosio-mədəniliklə ədəbiyyatşünaslığın əlaqəsində məhz Şərq və Qərb komparativistikasının fəlsəfi nəzəriyyəsini yaradır. Bu da müasir elmi yanaşmalarda multidissiplinar tədqiqatlar kimi xarakterizə olunur.
Bu baxımdan Aida İmanquliyevanın tədqiqatlarında diqqəti cəlb edən xüsusi bir məqam da nəzəri məsələlərlə bahəm, sosio-bədii komparativistika zəminində qadın hüquqları probleminə də nəzər yetirməsidir. A.İmanquliyevanın Şərq və Qərb düşüncəsini, dövrün və zamanın diktə etdiyi həyat təcrübəsinin xüsusiyyətlərini təhlil etməklə apardığı müqayisələr Azərbaycanda genderşünaslıq elminin dünya qadın tarixi kontekstində olan tədqiqatlar üçün də vacib əhəmiyyət daşıyır.
Bu nöqteyi-nəzərdən Aida İmanquliyeva C.Cübranın “Banlı Marta”, “”Hanili Varda”, “Qırılmış Qanadlar” hekayələri, Ər-Reyhaninin “Nohur Zanbağı”, “Hərəmxana divarlarından kənarda, yaxud Cihan” povestində, “Belə bir gündə cəhənnəm də yaxşıdır” kimi əsərlərində qoyulan süjetlərə əsasən, qadın hüququ məsələsini geniş təhlil etmişdir.
Qeyd edək ki, məhz XX əsr Azərbaycan ictimai elmində sosio-mədəni və ədəbi istiqamətdə qadın hüquqları məsələsini yeni ərəb ədəbi nümayəndələrinin fikirlərinə rəğmən ilk dəfə Aida İmanquliyeva elmi təhlilə gətirmişdir. Adları çəkilən əsərlərdə müəllifin elmi, nəzəri tutumlu açıqlamaları, informasiya baxımından təhlillərində yenilik, problemin aktuallığı aspektindən isə məsələyə fəlsəfi-ədəbi yanaşmasını görürük. Belə bir düşüncə meyarından qadın hüquqlarına fəlsəfi sistemli baxış tərzi isə diqqətçəkən elmi sanbala malikdir.
Qeyd edək ki, o dövrdə Avropa artıq gender tədqiqatları ilə ictimai-siyasi elmdə yeni bir istiqamət kimi modern baxış tərzində yeni araşdırmalara rəvac vermişdi. Belə bir zamanda Aida İmanquliyevanın XX əsrdə Qərb elmi mühiti ilə səsləşən fikirləri müəllifin Azərbaycanda sosio-mədəni genderşünaslıqla bağlı elm tarixinə imza atan ilklərdən biri olduğunu göstərir.
Yeni ərəb mühacir ədəbi məktəbinin müasir korifeyləri nümunəsində təhlil aparanda görkəmli şərqşünas alimin yaşadığı zamanın sosio-siyasi strukturu ilə çox yaxşı tanış olduğu üzə çıxır. O, qadın hüququ, qadın azadlığı, cəmiyyətdə kişi-qadın münasibətləri – yəni, gender faktoruna Şərq və Qərb mətnində paralellər aparmaqla qadını mənəvi-ideoloji buxovlardan azad edə biləcək məqamları C.X.Cübran və Əmin-ər-Reyhani motiviasiyasında təsvir edirdi.
Professor Aida İmanquliyeva bu əsərlərdə nə açıqlayırdı? O, bu təhlillərdə məhz qadın düşüncəsini, qadın azadlığını önə çəkirdi. A.İmanquliyeva açıqlayaraq göstərir ki, yazıçı (C.Cubran) şərq qadının azadlığı mövzusuna müraciət edir və onu sosial-ictimai səpkidə deyil, yalnız ailə münasibətləri planında qadınların hisslərinin və hüquqlarının müdafiəsi baxımından şərh edir. Qadın azadlığı probleminə bu cür yanaşma ərəb maarifçiləri, xüsusilə millətin dirçəlişinin, tərəqqi uğrunda mübarizənin, qadının həyat şəraitinin dəyişdirilməsi, ailənin mütərəqqi əsaslar üzərində qurulması ilə başlamalı olduğu qeyd olunur.
Professor qeyd edir ki, “Banlı Marta” və “Hanili Varda” hekayələrində C.Cübran digər ərəb maarifci-yazıçıları kimi, ilk növbədə məhəbbət mövsusunu önə çəkir: “Ərəb Şərqi üçün o illərdə qadın məsələsi Avropada olduğu kimi, hələ siyasi hüquqlara dair məsələ deyil, ailə və nigah, qadını sevmək və xoşbəxt olmaq hüququ məsələsi idi, ədəbiyyat göstərməli idi ki, qadın da “sevməyi bacarır”.
Professor Aida İmanquliyeva tədqiqatlarının təhlilində nə görürük? Bu görüntüdə Şərq qadınının mübarizliyi təsvirində qadının nə qədər əzilsə də, öz daxili üsyanı, öz sözü ilə Qərbdə o zaman tüğyan edən feminizm işartılarının əlaməti inikas olunur. O, C.Cübrana istinad edərək göstərir: “Ey, bu cinayətkar dünya arxasında gizlənən gözə görünməz Ədalət! Sən... sən mənim qəlbimin fəryadını, ürəyimin harayını eşidirsən”. Həmin çağırışa Aida İmanquliyeva münasibət bildirərək yazır ki, bu, əlbəttə ki, əxlaqsızlıq etməyə məcbur olmuş savadsız kəndli qadının nitqi kimi qəbul edilmir, bu sözlərdə alçaldılmış qadına qarşı sentimental mərhəmət hissi ilə dolu olan müəlliffin özünün səsi eşidilir”.
Bu münasibəti müasir Azərbaycan alimi, akademik Nərgiz Paşayevanın fikirləri ilə paralelləşdirək. Akademik Nərgiz Paşayeva 2011-ci il Bakı Humanitar Forumunda çıxışında söylədiyi kimi, dünya daha çox inkişaf etdikcə, hər bir fərd özünü daha çox müstəqil şəxsiyyət kimi dərk edir: “Bir fərdin maraqları ilə ümumi maraqlar arasında qarşıdurma yaranır. Müasir dövrün mürəkkəblikləri unudulmuş haqq-ədalət ideyaları ilə bağlıdır. Onlar haqq-ədalətin özündən yox, onun şərhindən asılı olmağa başladılar”. Məhz bu məqamda Nərgiz Paşayevanın fəlsəfi məntiqi Aida İmanquliyevanın fəlsəfi düşüncələri ilə “ədalət” formulunda paralelləşir.
Nəzərə çatdırılan qadın hüquqları, qadın azadlığı, multikultural fərqlilik kimi fikirlər məhz müasir cəmiyyətdə elmin, təhsilin rolunun zəruriliyinin əsas olduğunu göstərir.
Professor Aida İmanquliyeva bu nəzərdən C.Cubranın “Qırılmış qanadlar” povestini təhlil edərkən gender stereotiplərini açmaqla yazır ki, hekayəçi öz izharında, ictimai, sosial problemlərə toxunmur: “Onu başlıca olaraq, mənəviyyatın, fəlsəfənin problemləri, qəlbin və ruhun həyatı maraqlandırır. Onun dini klerikal movzuda və qadının ailədə rolu mövzusunda düşüncələri istisna təşkil edir”. A.İmanquliyeva fikrini C.Cubrandan daha bir nümunə ilə göstərir “Görənin hissləri ilə görünənin həqiqəti arasında gizli zərrəciklər insanın zahirini nurlandıran müqəddəs ruhların ziyasıdır, bu, kişi və qadın arasında tam anlaşmadır”. Bax, bu, tam gender fəlsəfəsidir. Bu, gender multikulturallığıdır. Bu tapıntı isə məhz Aida İmanquliyevaya məxsusdur.
Professor Aida İmaquliyeva yaradıcılığında sentimentalizm metodunun həm Qərbi Avropa, həm də rus ədəbiyyatında – S.Ricardson, L.Stern, J.J.Russo, N.Karamzinin əsərlərində əsas səciyyəvi xüsusiyyətlərindən biri məişətə, əşyalar aləminə və gündəlik həyatın təfərrüatına olan maraqdır. “Məsələn, N.Karamzin Erastın bir stəkan süd xahiş edərkən Lizanın davranışını təsvir edir” kimi fikirləri də məhz Şərq-Qərb multikulturallığı məişət tərzinin müqayisəli təhlilləridir. Aida İmanquliyeva gender rollarını xarakterizə edərək Səlma obrazı ilə onun psixoloji durum və yaşantılarına uyğun olan və əsrin yumşaq lirizmini nəzərə çarpdıran mənzərə təsvirlərinə yetirilən diqqət və sentimentalizm metoduna cavab verir.
Aida İmanquliyevanın araşdırması gender stereotipləri və qadın diskriminasiyası nöqteyi-nəzərindən də Azərbaycan genderşünaslığı üçün qiymətli bir vəsaitdir. A.İmanquliyevanın məntiqincə, Cubran ərəb ədəbiyyatında romantik metodun inkişafını qabaqlamaqla yanaşı, o, daha iki mühüm mövzunu – qadın və antiklerikal mövzunu da öz adına yazdırdı: “Qadın azadlığı mövzusu povestdə sadəcə bir qadının şəxsi dramı çərçivəsindən çıxaraq, özünün daha geniş şərhini tapır... Qadının taleyini sosial-hüquqi aspektdə deyil, yalnız ailə, nigah münasibətləri hüdudlarında təhlil edir. Yazıçı gələcəkdə qadının cəmiyyətdə layiqli yer tutacağına inanır”.
Aida İmanquliyeva göstərir ki, qadında gözəlliklə təhsilin, zərifliklə xeyirxahlığın, bədənin zəifliyi ilə ruhun gücünün birləşdiyi gün gələcəkmi? “Mən hesab edirəm ki, mənəvi tərəqqi bəşəriyyətin yoludur, onun kamilliyə yaxınlaşması ləng olsa da, labud prosesdir”.
Aida İmanquliyeva bütün cəmiyyətlər üçün aktual bir sosial problem olan nigah məsələsinə də münasibət bildirir. O, qeyd edir ki, C.Cübran nigah probleminə toxunaraq yazır: “Bizim zəmanəmizdə nigah gənc insanlarla qızların ataları arasında gülüş və göz yaşı doğuran sövdələşmədir. Birincilər bir qayda olaraq udur, ikincilər həmişə itirirlər. Qızlarını satlıq mal kimi əldən-ələ ötürürlər”. Bu məsələlər bu günün prizmasından erkən nigah adlanır. Professor Aida İmanquliyeva qadın hüququ, qadın azadlığı, erkən nigah, multikulturallıq, gender münasibətləri kimi XXI əsrin aktual mövzularını dəqiqliklə sistemli təhlilə gətirmişdir və burada bir tədqiqatcı kimi şərqşünas professorun fəlsəfi düşüncələrində keçmişdən bu günümüzə gələn elmi yola bir daha nəzər yetirək. Aida İmanquliyevaya görə, Cubran məzlum qadını məzlum millətə, onun əzabı, hüquqsuzluğu və rüsvayçılığını millətin əzabı, hüquqsuzluğu və rüsvayçılığı ilə bərabər tutur: “Məgər bu qadın bu məzlum milləti təcəssüm etdirmirmi? Məgər ruhunun çırpıntıları və cisminin əzabları ilə üzülmüş qadın öz ağaları və din xadimləri tərəfindən əldən salınmış bir millətə bənzəmirmi?” Məhz bu fikirlər gender multikulturallığını əks etdirir.
“Qırılmış qanadlar” adlı C.Cubranın povestini təhlil edən Aida İmanquliyevaya görə, Şərq qadınının asılı vəziyyətinin pislənməsi, klerikalizmin, zadəgan nümayəndələrinin pozğun həyat tərzinin ifşa edilməsi və toxunulan digər aktual problemlər həm obyektiv olaraq əsərə müəyyən dərəcədə sosial kəskinlik verir, həm də yazıçının müasir həyatla əlaqəsini aşkara çıxarır. Beləliklə, Aida İmanquliyeva yaradıcılığı C.Cübranın əsərləri nəticəsində onun maarifçi humanizm və sentimentalizm motivlərini birləşdirdiyini göstərir.
Aida İmanquliyeva ər-Reyhaninin də yaradıcılığında pozitiv ideyaları izləyərək, öz dərin mülahizələri ilə maarifçiliyin ən başlıca mövzularından birinin - Şərq qadınının əsrlər boyu məruz qaldığı əsarətdən azad edilməsi məsələsinə toxunmuşdur. A.İmanquliyeva qeyd edir ki, ər-Reyhani qadın azadlığı mövzusuna “Nohur zanbağı” povestində ilk dəfə müraciət etmişdir: “Ər-Reyhaninin Hərəmxana divarlarından kənarda, yaxud “Cihan” povestində başlıca ideya qadının onu şəxsiyyət kimi alçaldan, fəaliyyətini tapdalayan zehniyyət və mövhümatın hakimiyyətindən azad olması uğrunda mübarizəsidir”. A.İmanquliyeva Azərbaycan ictimai elmində qadın hüquqları üzrə yazan ilklər sırasında birincidir. Belə ki, şərqşünas alim yazır: “Cihan ətrafındakı bütün insanların fövqünə yüksələn, güclü hiss və ehtirasa malik, tənha, hamıdan uzaqlaşmış, borc və məhəbbət, qisas və vətənpərvərlik hissləri arasındakı daxili ziddiyyətlər içində əzab çəkən müstəsna qadın surətidir. Cihanın bütün davranışlarının əsas fəaliyyət motivi – azadlığa can atmadır. Bu fəlsəfədə qadın, gender rolları, əri digər millətdən (alman) olan Cihanın xarakterinin təsvirində dünyanın bu gün aktual məsələsi olan multikulturallıq faktoru durur”. Aida İmanquliyeva göstərir: “Cihanda hər şey qeyri-adi gözəllik, yüksək əsl nəcabət, cəmiyyətdə tam müstəqil mövqe (Bu gender bərabərliyi anlamıdır – R.M) zənginlik, çox yaxşı təhsil, təbiətin bənzərsizliyi, böyük iradə qüvvəsi, qətiyyət və cəsarət onu qalan insanlardan kəskin şəkildə fərqləndirir”. Bu fəlsəfədə XX əsr fransız filosof və ilk genderşünaslardan olan Simona de Bovuarın “Mən qadınam” bəyanatı ilə öz mənsubiyyətinə böyük hörməti yada düşür.
Aida İmanquliyeva vurğulayır ki, ər-Reyhaninin povestinin qadın qəhrəmanı qadın azadlığı uğrunda mübarizə aparır, ictimai fəaliyyətlə məşğul olur, məqalələr yazır, jurnalarda dərc olunur, Nitşeni tərcümə edir – lakin bütün bunlar onun həyatına, əhatəsinə, insani əlaqələrinə təsir göstərmir – o həmişə tənhadır: “Yazıçı Valenşteyni (Cihanın əri – R.M) təsadüfən Nitsşe fəlsəfəsinin davamçısı kimi təqdim etmir, belə ki, o dövrdə Şərqdə Nitşenin nəzəriyyəsi geniş şöhrət qazanmışdı. Ərəb ziyalılarının bir çox nümayəndələri belə hesab edirdi ki, Vətənin başına gələn bütün bəlalar, xalqın kifayət qədər fəallığa malik olmamasından irəli gəlir”. Aida İmanquliyevanın ictimai-siyasi görüşləri XX əsrdən sanki hazırki ərəb dünyasına yönələn bir baxışdır. Məhz belə fikirlər uzaqgörən alim təfəkkürü, qadın məsələsindən yazan bir alim xanımın cəmiyyətə Qərb dünyası prizmasından Şərqə söykənən fəlsəfəsidir. Bu fikirlər bir alim düşüncəsi ilə bahəm çoxmədəniyyətlilik-multikulturallıq təsvirində həm də gender meyarıdır.
Digər məqamlara diqqət edəndə görürük ki, Aida İmanquliyevanın tədqiqatlarında qadın məsələsi ilə əlaqəli nəinki qadın fərdiyyəti, azadlığı, hüququ, həmçinin gender stereotipleri nöqteyi-nəzərindən də münasibətlər, açıqlamalar yetərincədir. Aida İmanquliyeva yazır: “Çadra örtməyə borclu olan müsəlman qadının Avropada “fransız dayənin əllərində” böyüməsini, Avropa dillərinə və xüsusilə, Nitsşe fəlsəfəsi ilə tanışlığın da daxil olduğu, yaxşı təhsilə yiyələnməsini də mühüm obyektiv “şərt” hesab etmək olar: “Belə bir müstəsna şəxsiyyət “sərt adət və ənənələr” içində yanaşmağa məcburdur. Onun təbiətinin ikiləşməsi buradan -Vətənə məhəbbətdən və onun geriliyinə, cəhalətinə qarşı etirazdan irəli gəlir”. Bu fikirlər də Aida İmanquliyeva fəlsəfi baxışlarıdır.
A.A.Dolinina hesab edir ki, müəllif təsadüfən bütün şərq qadınları arasında məhz türk qadınını qadın hüquqlarının müdafiəçisi kimi təqdim etməyib: “Bu həm də real gerçəkliyə cavab verir, belə ki, o zaman başqa müsəlman ölkələrin qadınları ilə müqayisədə türk qadınları daha əlverişli şəraitdə yaşayırdılar”. Məhz öz təhlilində A.Dolininadan misal çəkən Aida İmanquliyeva azadlıq anlayışının da açmasını verir. O, yazır ki, azadlıq anlayışı azad şəxsiyyət və müstəmləkə zülmündən azad olma ideyasını özündə birləşdirir.
Aida İmanquliyeva yaradıcılığını izləyərkən çoxçalarlı gender fəlsəfi məhfumları içrə çoxsaylı multikulturalizm terminlərinə, yeni ifadə tərzinə, qadın hüquqları kontekstində yeni anlayışlara da rast gəlinir. Belə ki, misal üçün “Cihanın kişi və qadın arasındakı qarşılıqlı münasibətləri” və yaxud “Şərq qadının zəkasının və qəlbinin oyandığı günə, onun qəlbini, dirçəlməkdə olan bütün millətin qəlbini öz nuru ilə dolduran şəfəqə eşq olsun” nümunələrini göstərə bilərik. Bu nöqtədə böyük Hüseyn Cavid fəlsəfəsi də yada düşür. H.Cavid “Uçurum” əsərində Şərq-Qərb münasibətlərinə toxunaraq yazmışdır: “Avropada işıq da var, zülmət də”. Bu paralellərdə isə Aida İmanquliyevanın təhlillərində olan işıq və Şərq qadınının bugünkü yolu vardır.
Məhz Aida İmanquliyeva fəlsəfəsində insanlığa, xüsusən də qadınlığa münasibət, qadın hüquqları mətnində etik normalar vardır. Öz dövrünün ictimai tərzini yaxşı bilən bir tədqiqatçı alim kimi təhlilində müqəddəs kitabımız Qurani-Kərimdən olan bir nümunə ilə fikrimizi əsalandıraq: “Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da kişilər üzərində hüquqları vardır”.
Qeyd edək ki, bir məqalə ilə böyük qadın alim, filosof-filoloq, dərin məntiqli tədqiqatçı Aida İmanquliyevanın araşdırmaları okeanından yalnız bir damla göstərə bildik. Əsrlərlə Aida İmanquliyevanın qadın hüquqları ilə bağlı araşdırması Ulu Şərq kontekstindən modern Qərbə bir körpü olacaqdır. Professor Aida İmanquliyevanın irəli sürdüyü ümumi müddəalar, orijinal düşüncə tərzi alimin romantizimlə vəhdətdə fəlsəfi mətnli baxışlarıdır, yazdığı və izlədiyi mənəvi meyarlar, prinsiplər milli sosio-ədəbi prosesin də bu kimi elmi-metodoloji kontekstdə bugünkü, hətta gələcək tədqiqatlar üçün belə geniş fəlsəfi məna daşıyır və sistemli təhlil imkanı yaradır. Aida İmanquliyevanın müqayisəli araşdırmaları və onların sosio-fəlsəfi, ictimai-ədəbi dəyəri Azərbaycan romantizminin dünya romantizmi vəhdətində oxşarlılıqlar və fərqliliklər zəminində bir baza məktəbidir. Məhz bu kontekstdə fikrimizi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın söylədiyi fikirlə yekunlaşdıraq: “Bütün tədqiqatçılar hesab edirlər ki, sivilizasiyanın inkişaf dövründən başlayaraq qadınlar, demək olar ki, bütün cəmiyyətlərdə dini mənsubiyyətdən və ya siyasi quruluşdan asılı olmayaraq, kişilərdən asılı vəziyyətdə olublar. Hazırda dünya öz inkişafını elə bir dövrünə dəqəm qoyur ki, yekun məqsəd bu vəziyyətin dəyişməsindən ibarətdir. Vəziyyətin dəyişməsində uğurlar bir çox siyasi-ictimai, sosial, dini və mənəvi amillərdən asılıdır. Lakin, yekun nəticədə hər şey bizdən, bu planetdə yaşayan kişilər və qadınlardan asılıdır”.