YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin Cəbrayıl səfəri ölkənin ümumi inkişafına təkan verir

“30 il düşmən tapdağı altında qalan torpaqlarımızın azad olunacağı və məcburi köçkünlərin öz yurdlarına qayıdacağı vaxtilə bir çoxlarına yuxu kimi gəlirdi. 4 il öncə Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə uğurlu əməliyyatlar keçirərək Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etdi. Cəbrayılın ilk azad olunan şəhər kimi şanlı ordumuzun nəzarəti altına keçməsi bizə çox böyük üstünlük qazandırdı. Daha sonra Hadruta və işğal altındakı digər rayonlara, qəsəbələrə yollarımız açıldı. Düşmən məhz Cəbrayılda aldığı sarsıdıcı zərbədən sonra anladı ki, Azərbaycanın Qələbəsi qaçılmazdır. Az qala hər gün müxtəlif ölkələrin, o cümlədən Rusiyanın rəhbər şəxslərinə zənglər edərək yalvarmağa başladılar ki, Azərbaycanın hərbi əmələiyyatlarını dayandırsınlar. Təbii ki, biz şərtlərimiz, tələblərimiz yerinə yetirilməyənə qədər əməliyyatları dayandırmadıq və güclü ordumuzun, siyasi iradəmizin sayəsində tarixi Zəfər qazandıq”.

Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Deputatın sözlərinə görə, postmüharibə dövründə Cəbrayılda çox böyük abadlıq- quruculuq işləri həyata keçirilib: “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü ərəfəsində bu rayona səfəri çərçivəsində bir sıra layihələrin təməlqoyma mərasimlərində iştirakı xalqımız tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına 960 şagirdin təhsil alacağı tam orta məktəb binasının təməllərinin qoyulması da rayonun həyatında vacib hadisələrdəndir. Ümumiyyətlə, azad edilmiş rayonlarımızda möhtəşəm layihələr icra olunur. Müharibələrdən əziyyət çəkmiş heç bir ölkədə bu sürətlə və bu keyfiyyətlə bərpa işləri aparılmayıb”.

M.Vəliyevanın sözlərinə görə, dövlət başçısı cəbrayıllılar qarşısında çıxışında haqlı olaraq üzünü Qərb dövlətlərinə tutaraq bildirdi ki, işğaldan yeni azad olunanda Cəbrayılda cəmi iki bina qalmışdı: “Orada da erməni hərbçiləri yaşayırdılar. 30 il ərzində Ermənistana qarşı bir dənə də sanksiya tətbiq etməyən həmin dövlətlər bu gün Azərbaycanla sanksiya dilində danışırlar. Başda Fransa olmaqla, bir çox Qərb dövlətləri əllərindən gələni edirdilər ki, Azərbaycan işğal faktoru ilə barışsın. Ölkəmizə qarşı olan düşmənçilik siyasəti bu gün də davam etdirilir. Amerika Konqresinin 60 ermənipərəst üzvü guya erməniləri zorla Qarabağdan köçürdüyümüzü bəhanə edərək Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət ediblər. Şübhəsiz ki, bu müraciət ABŞ Dövlət katibinin istəyi ilə hazırlanıb. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, ABŞ 1992-ci ildə ölkəmizə qarşı sanksiya tətbiq etmişdir. 2001-ci ildə ABŞ Əfqanıstanı işğal edəndə bizə ehtiyacı yarandığı üçün sanksiyanı aradan qaldırdı. Əfqanıstandan qaçandan sonra yenidən sanksiyanı tətbiq etdilər. Bu, Qərbin ölkəmizə qarşı riyakarlığının bariz nümunəsidir”.

M.Vəliyeva qeyd etdi ki, Azərbaycan Prezidenti həm Ermənistanın, həm də onun arxasındakı qüvvələrin ölkəmizə qarşı iyrənc planlarından xəbərdardır: “Ona görə də, dövlət başçısı Ermənistana açıq mesaj göndərdi ki, belə təhlükəli oyunlara qoşulmasın, “Dəmir yumruq” yerindədir. Azərbaycan öz təhlükəsizliyini, ərazi bütövlüyünü qorumaq üçün lazım olan addımları atacaq. Ermənistan hesab etməsin ki, o, təkcə kapitulyasiya aktına imza atmaqla bu məsələdən qurtarıb. İrəvan 30 il ərzində Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə, vandalizm aktlarına görə beynəlxalq məhkəmə qarşısında cavab verməli, dəymiş ziyana görə kompensasiya ödəməlidir. Dövlət başçısının Cəbrayılda verdiyi mesaj Ermənistanı ciddi düşündürməlidir. Heç bir sanksiya, təzyiq, hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Biz ölkəmizdə və bölgəmizdə sülh və əmin-amanlığın olması üçün əlimizdən gələni edəcəyik. Bizim siyasətimizin hədəfi Azərbaycan vətəndaşının təhlükəsizliyini təmin etmək, sosial rifahını yüksəltməkdən ibarətdir Qarabağ və Şərqi Zəgəzurda tikinti-quruculuq işləri bundan sonra daha da sürətlə aparılacaq. Biz ermənilərin viran qoyduğu o torpaqları gülüstana çevirməklə məşğuluq. Qoy Ermənistan və onun arxasında duran qüvvələr 2020-ci ilə qədər olan Qarabağla, həmin tarixdən sonrakı Qarabağı müqayisə etsinlər. Bu müqayisə Azərbaycan və Ermənistanın mahiyyətini, niyyətini də ortaya qoyur”.