Xəbərlər
“Mən dünyada müəllimdən yüksək ad tanımıram!”
Yasamal Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə “Mən dünyada müəllimdən yüksək ad tanımıram!” adlı tədbir keçirilib.
Rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin YAP Yasamal rayon təşkilatının qərargahında yerləşən büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Sonra 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, - deyən Dahi Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllimlərin əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Bu gün Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə göstərdiyi böyük diqqət və qayğı nəticəsində ölkəmizin bütün bölgələrində təhsil ocaqlarında müasir standartlara uyğun şərait yaradılıb. İşğaldan azad olunmuş torpaqlarımızda yeni təhsil ocaqlarının təməlinin qoyulması və istifadəyə verilməsi xüsusilə qürurvericidir”.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü, AMEA Mexanika və Riyaziyyat İnsitutunun direktoru Misir Mərdanov qeyd edib ki, müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab edilir: “Müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda, çətinliyini, məsuliyyətini yaxşı anlayan əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmış, onu yüksək qiymətləndirmişlər. Ulu Öndər Heydər Əliyevin vaxtilə uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil sahəsində islahatların əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Bu istiqamətdə Prezident İlham Əliyevin uğurlu fəaliyyəti xalqımız tərəfindən təqdir edilir”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov qeyd edib ki, müəllim əməyi nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir: “Belə insanlar isə cəmiyyəti daha da inkişaf etdirir, onu irəli aparır. Mübaliğəsiz deyə bilərik ki, bu gün müstəqil dövlətimizin daha da gücləndirilməsində fəal iştirak edən, cəmiyyətdə öz layiqli və vicdanlı vətəndaş mövqeyi ilə seçilən insanlar müəllim əməyinin yetirmələridir”.
Milli Məclisin deputatları Ülvi Quliyev və Göydəniz Qəhrəmanov çıxışlarında ölkəmizdə həyata keçirilən uğurlu təhsil siyasətinin perspektivlərindən bəhs ediblər. Qeyd edilib ki, dövlətin gücü təhsilin inkişaf səviyyəsindən asılıdır. Bildirilib ki, ölkə rəhbərliyi tərəfindən atılan addımlar bu sahənin daha da inkişafına yönəlmişdir. XXI yüzillik elm və informasiya əsri olduğundan sürətli inkişaf mərhələsində olan Azərbaycan təhsil sistemini dünya səviyyəsində qurur. Təhsilin inkişafına göstərilən yüksək diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.
Yekun nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunan təhsilin inkişafı, keyfiyyət göstəricilərinin artırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir: “Son illər məhz təhsil sektorunda gedən sürətli inkişaf, bu sahədə islahatların daha da genişlənməsi və müəllim kontingentinə sərgilənən diqqət və qayğı olduqca təqdirəlayiqdir. Azərbaycanın vətənpərvər gəncləri möhtəşəm Qələbələrlə torpaqlarımızı azad edərək xalqımıza Zəfər sevincini yaşatdılar. Danılmaz faktdır ki, bizə Zəfər sevincini yaşadan gəncliyin vətənpərvər ruhlu olmasında müəllimlərin əməyi əvəzsizdir.
Tədbirin sonunda bir qrup müəllim heyətinə Fəxri fərman və hədiyyələr təqdim edilib.
Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.