YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir.  2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal işğaldan azad edilib.

Hər bir əlamətdar gün keçilən yolun təhlilini bir zərurətə çevirir. 44 günlük İkinci Qarabağ müharibəsinin baş vermə səbəbləri məlumdur. “İkinci Qarabağ müharibəsi şanlı tariximizdir” söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu reallığı da xüsusi vurğulayır ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, aparılan danışıqlara sadiqlik göstərdi. Baxmayaraq ki, illər keçdikcə ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı. Hesab edirdi ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

Azərbaycan döyüş meydanında nəyə qadir olduğunu göstərdi. 44 gündə 30 ilin işğalına son qoymaq özündə bütün məqamları ehtiva edir. Hər zaman Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “Hücum!” əmrini gözləyən rəşadətli ordumuzun 44 gün ərzində göstərdiyi qəhrəmanlıq, şücaət, yazdığı Zəfər tarixi dünyaya səs saldı. Müharibənin başlandığı gündən cəbhədən gələn xoş xəbərlər hər birimizi sevindirdi, işğala son qoyulacağına inamı daha da artırdı. Qeyd etdiyimiz kimi, Cəbrayıl ilk azad edilən şəhərimiz oldu. Bu Qələbə Azərbaycan Silahlı Qüvvələrini daha da ruhlandırdı, hər an irəliyə doğru addımlayaraq 44 günün hər gününü tariximizə Zəfər səhifələri kimi yazdı. Şəhər və kəndlərimizi, küçə və meydanlarımızı Azərbaycanın üçrəngli bayrağı bəzədi. İşğaldan azad edilmiş ərazilərimizdə ucaldılan Azərbaycan Bayrağı dünyaya bu torpaqların sahibinin Azərbaycan xalqı olduğunu çatdırdı.

Artıq bu gün böyük qürur hissi ilə torpaqlarımızın işğaldan azad edildikləri günləri qeyd edirik. Bununla bərabər, onların işğalını da unutmamalı, tariximizin hər bir səhifəsinin indiki və gələcək nəsillərə çatdırılmasına çalışmalıyıq. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi.  İşğal nəticəsində bu rayona 13,928 milyard ollar məbləğində ziyan dəyib. 1050 kv. km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Birinci  Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dağtumas kəndinin yaxınlığında yerləşən Divlər sarayı mağarası, Qalacıq kəndindəki Məscid təpəsi, Canqulu və Qumtəpə kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki Başıkəsik gümbəz, Sirik kəndindəki Qala, Diri dağındakı Qız qalası, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki Sultan Məcid hamamı, Şıxlar kəndindəki Dairəvi türbə, Xubyarlı kəndindəki Dairəvi 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdı. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində məskunlaşmışlar.

Tarixi Zəfərimizdən ötən 4 ildə işğaldan azad edilən digər ərazilərimiz kimi, Cəbrayıl rayonu da özünün dirçəliş dövrünü yaşayır. Qarabağ probleminin tarixə qovuşmasından dərhal sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərə davamlı səfərləri hər birimizdə böyük qürur hissi yaradır. İlk səfər 2020-ci il noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə edildi. Dövlət başçısının hər bir səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Ötən dörd ildə cənab İlham Əliyev Cəbrayıla 10 səfər edib. Prezident İlham Əliyevin tarixi Zəfərimizdən sonra Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlər son dörd ildə görülən işlərin əsasında dayandı. Həmin görüşdə “Cəbrayıla xoş gəlmisiniz!” müraciətinin davamı olaraq cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər.

Hər bir hədəf irəliyə doğru addımdır. Bütün işlərin ardıcıl şəkildə həyata keçirilməsi Azərbaycanı hər bir hədəfi uğurla gerçəkləşdirməsinə stimul verir. Bu baxımdan böyük qürur hissi ilə bildiririk ki, dövlət başçısı İlham Əliyevin qeyd etdiyimiz çağırışı artıq reallıqdır. Sentyabrın 26-da ilk, 28-də növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salındı. Artıq sakinlərinə qovuşan şəhərlərimizin sayı 5-ə çatıb. Soydaşlarımızın bu torpaqlara qayıdışı, eyni zamanda, yüksək həyat şəraitlərinin təmin olunması üçün biri-birindən mühüm addımlar atılır. Hazırda əsas hədəf bütün azad olunmuş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması, Azərbaycan brendi kimi dünyaya səs salan yeniliklərin bu torpaqlarda aparılan işlərdə öz əksini tapmasıdır. Bu torpaqlarda görülən işlər şəhərsalmanın Azərbaycan təcrübəsini dünyaya təqdim edir. Bütün işlər Baş plan əsasında həyata keçirilir. Cəbrayıl şəhərinin Baş planında görülən və görüləcək işlər öz əksini tapıb. Bərpa-quruculuq işlərinin miqyası dövlətimizin iqtisadi gücünün təqdimatıdır. Bütün imkanlar səfərbər olunaraq qarşıya qoyulan hədəflərin gerçəkləşdirilməsinə istiqamətləndirilib. Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. Dövlət başçısı İlham Əliyevin ötən dövr ərzində Cəbrayıl rayonuna səfəri çərçivəsində görülən işlərin qısa xronologiyasını təqdim etməklə gələcək barədə aydın təsəvvür yaratmaq mümkündür. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır. Qeyd edək ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 3-də Cəbrayıl rayonuna səfəri zamanı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak etdilər. Belə ki, Litvanın “Dominari” şirkətinin mebel klasterinin, “Karabakh Stone” MMC-nin zavodunun, həmçinin “Prestij-Kimya” MMC-nin zavodunun təməli qoyuldu. İşğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investorların marağını artırır. Cəbrayıl rayonunun Qarabağ regionundakı strateji coğrafi mövqeyi, bölgələrin qovuşuğunda yerləşməsi və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir. Səfər çərçivəsində digər mühüm sosial obyektlərin də açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə  yanaşı, bir sıra obyektlərdə görülən işlərlə tanışlıq oldu.

Görülən və görüləcək işlərin miqyası genişdir. Əsas hədəf bərpa-quruculuq işlərini yüksək səviyyədə aparmaq, soydaşlarımızın Böyük Qayıdışını tam şəkildə reallaşdırmaqdır. Qısa zamanda 5 şəhərə və 4 kəndə qayıdışın gerçəkləşməsi bu hədəfimizə də tezliklə nail olacağımıza əsas verir. Qarabağ və Şərqi Zəngəzur dirçəlir, cənnət məkana çevrilir.