Xəbərlər
“Böyük Zəfərə aparan yolun başlanğıcı”
Oktyabrın 3-də Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Böyük Zəfərə aparan yolun başlanğıcı” mövzusunda dəyirmi-masa keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə partiyanın fəal gəncləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini yad ediblər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Dahi Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və Azərbaycanın xilası naminə apardığı mübarizə barədə videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev dəyirmi-masanın həsr olunduğu mövzunun əhəmiyyətini vurğulayıb. O, 1993-cü ilin 3 oktyabr tarixinin Azərbaycan tarixində çox mühüm yer tutduğunu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə özbaşınalığa, xaosa, iqtisadi tənəzzülə son qoyulduğunu, vətəndaş müharibəsinin qarşısının alındığını və yeni yüksəliş mərhələsinin əsasının qoyulduğunu qeyd edib.
Təşkilat sədri bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi və dünya siyasətinə bəxş etdiyi böyük şəxsiyyətdir. Qeyd edib ki, xalqın baş verən faciələrdən qurtularaq demokratik-hüquqi dövlətdə yaşamaq arzusunu reallığa çevirən məhz Ümummilli Lider Heydər Əliyev olmuşdur.
Q.Əliyev tarixə qısa ekskurs edərək 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə xalqımızın gələcəyini düşünən ziyalılarla birlikdə Naxçıvanda Yeni Azərbaycan Partiyasını yaratması, YAP-ın ölkəmizin sonrakı inkişafında yeri və rolu barədə ətraflı danışıb.
YAP veteranı, Azərbaycan Dövlət Tibb Universitetinin dosenti Sabir Hacıyev Ümummilli Liderin ali idarəçilik keyfiyyətlərini və liderlik xüsusiyyətlərini qeyd edərək, 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərindən sonra Azərbaycanda intibah dövrünün başlandığını vurğulayıb.
Ulu Öndərin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində ölkəmizdə müasir dünya standartlarına uyğun səhiyyə sisteminin formalaşdığı qeyd olunub.
Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qaradağ rayon şöbəsinin sədri Maqsud Heydərov, Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri Leyla Nəcəfova və başqaları çıxışlarında xalqımızın 90-cı illərin əvvəllərində faciələrdən çıxış yolu axtararkən Azərbaycan ziyalılarının Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasını yaratmasının əhəmiyyətini vurğulayıblar. Ölkəmizin qazandığı uğurların Heydər Əliyevin dövlətçilik fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildiriblər.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.