YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənc nəslin tərbiyəsində Heydər Əliyevin müasir azərbaycançılıq idealogiyası

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, ölkə öz istiqlalını, varlığını itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə Azərbaycanı düşdüyü çətin vəziyyətdən xilas etdi. Bu xilaskarlıq missiyasının kökündə müasir azərbaycançılıq idealogiyası durur. Heydər Əliyevin bütün həyatı boyu inandığı, dəstəklədiyi, formaşdırdığı, varislik prinsipinə əsaslanaraq inkişaf etdirdiyi, vahid amala çevirdiyi, xalqı bu amal ətrafında birləşdirdiyi, dövlət siyasəti səviyyəsinə qaldırdığı azərbaycançılıq ideologiyası olduqca təqdirəlayiqdir.

“Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir”. Ümummilli Lider Heydər Əliyev 1998-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində söylədiyi bu fikirlər həm də müasir azərbaycançılıq ideologiyasında gənc nəslin tərbiyəsi üçün konseptdir.
Bu ideologiyanın əsas komponentləri isə milli dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlər toplusudur. Gənc nəsli azərbaycancılıq ideologiyası ətrafında birləşdirmək isə onları dövlətçilik və milli-bəşəri dəyərlər əsasında tərbiyə etmək deməkdir.

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti örnək xarakteri daşıyaraq əbədi bir məktəb rolunu oynadı. Elə bir məktəb ki, orada dövlətin milli mənafeyini ifadə edən, milli ideologiyamızın formalaşması üçün əsas prinsiplər müəyyənləşdi. Bu prinsiplər gəncliyi dünəndən bu günə və bu gündən gələcəyə doğru aparır.

1993-cü ildən başlanan dövlətçilik məktəbi

Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən müstəqil dövlətin quruculuğu istiqamətində ciddi siyasi fəaliyyətə başladı. Azərbaycanda sabitliyə nail olmaq, vətəndaş qırğınının qarşısının alınması, bütün istiqamətlərdə inkişafı təmin etmək üçün iqtisadi inkişafın əsas təməl daşlarının atılması, tarixi həqiqətlərin ölkə hüdudlarından kənarda tanıtmaq üçün xarici siyasətin milli maraqlara uyğun həyata keçirilməsi, dövlətçiliyin qanuni əsası olan Konstitusiyanın qəbul edilməsi müstəqil dövlət quruculuğunda həyata keçirilmiş mühüm siyasi fəaliyyətlərdir. Müstəqil dövlətçiliyin formalaşmasında sadalanan istiqamətlərin hər biri tarixi proses, milli dövlət quruculuğu yaddaşıdır. Dövlətçilik tərbiyəsi məhz bu tarixi yaddaşdan keçir. Tarixdən dərs alaraq milli kimliyin, vətənpərvərliyin aşılanması, hüquqi, siyasi şüurun yüksəldilməsi milli idealogiyanın əsasında duran tərbiyədir. 

Şəxsi nümunəsində hər bir azərbaycanlı gəncə yol göstərən Heydər Əliyevə görə, dövlətçilik tərbiyəsi dövlətçilik ənənələrinə, ideologiyasına, praktikasına sədaqətdən yoğrulur. Ulu Öndərin müasir həqiqətlərə tarixi aspektdən baxması milli kökə sədaqətin, tarixə istinadən reallığı dərk etməyin, “Azərbaycan” şeirini söyləyərkən kövrəlməsi Vətənə olan böyük sevgidən doğan həssaslığın, mədəniyyətin bu sevginin formalaşmasında ötürdüyü emosional təsirin, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” ifadəsi isə milli kimliyin yaratdığı qürurun nümunələridir. Məhz bu ruhda tərbiyə alan Azərbaycan gəncləri işğalda olan torpaqlarımızı azad etdi.

Ulu Öndərin “Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır”, - fikri yalnız tövsiyə deyil, əməli fəaliyyətin nümunəsidir. Bu ruhda tərbiyə alan və yetişən gənclik həmin ideyaların varisi olan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, siyasi Liderliyi ilə XXI əsrin bütün dünyaya nümunə ola biləcək yeni hərb tarixini yazdı. Vətəndaşlıq, dövlətçilik, vətənpərvərlik tərbiyəsinin nəticəsini nümayiş etdirdi.

Dövlətçilik ənənələrinə sədaqət və onun müasir dövrün çağırışlarına uyğun inkişafı Azərbaycanı bugünkü inkişaf zirvəsinə ucaltdı. Dövlətçilik ənənələri üzərində qurulmuş siyasi fəaliyyət cənab İlham Əliyevi yeni əsrin böyük siyasi xadiminə çevirdi.

Dövlətçilik tərbiyəsi “Torpaqdan pay olmaz” ənənəsindən başlayır, Vətən sevgisi ilə yoğrulur, Azərbaycan müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqda tamamlanır. Dövlətçilik tərbiyəsi insan hüquqlarından başlayır, vətəndaş mövqeyindən keçir, mədəniyyət və milli dəyər kontekstində yoğrulur, şəxsiyyət tərbiyəsində tamamlanır.

Milli-mənəvi və ümumbəşəri dəyərlər üzərində tərbiyə

Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının ikinci vacib komponenti milli-mənəvi dəyərlər üzərində milli kimlik, milli mənlik tərbiyəsidir. Dil, din, adət-ənənə, mədəni dəyərlər bu istiqamətdə tərbiyənin əsasıdır. Milli özünüdərk, özünəqayıdış tərbiyəsidir.

Azərbaycan dilinin dövlət dili kimi inkişafı istiqamətində qəbul olunmuş qərarlar, mədəniyyətə, incəsənətə ayrılan diqqət və onun  inkişafı istiqamətində atılan addımlar kökə, milli dəyərlərə bağlılığın bariz nümunəsidir. “Hər bir Azərbaycan gənci öz dilini, ədəbiyyatını, mədəniyyətini, tarixini yaxşı bilməlidir”, - söyləyən Ulu Öndər azərbaycançılıq ideologiyasının tərbiyə istiqamətində milli dəyərlər konsepsiyasını təqdim edir. Bütün bunlar həm də vətənpərvərlik tərbiyəsinin əsas amillərindəndir.

Konsepsiyanın bir qolu da ailə dəyərləridir. Heydər Əliyevin və onun layiqli davamcısı İlham Əliyevin önəm verdiyi və şəxsi nümunəsində ailəyə, qadına münasibəti böyük bir məktəbə çevirdiyi qüdrətli fəaliyyət mənbəyidir. Bu, hər bir gəncin keçəcəyi və dərs alacağı dəyərlər toplusu olan məktəbdir.

Konsepsiyanın bir qolu ekoloji tərbiyədir. “Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir”, - deyimi insanların ətraf mühitə olan münasibətini formalaşdırır. Bir ay sonra ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə COP29 beynəlxalq tədbiri həm də ümumbəşəri və ekoloji tərbiyə üçün nümunə və zəmindir.

Elə günümüzdə gənc nəslin tərbiyəsində azərbaycançılıq ideologiyasının tətbiqi vacib amildir. Milli irsin, milli-mənəvi dəyərlərin qorunması və dünyada tanıdılması dövlət siyasətinin əsas istiqaməti, azərbaycançılıq ideologiyasının tərkib hissəsidir.  Azərbvaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli irsin qorunması, milli abidələrin bərpası, mədəniyyət, təhsil, ekologiya, səhiyyə sahəsində apardığı çoxşaxəli fəaliyyəti həmin sahələrin inkişafına nail olmaqla yanaşı, gənc nəslin milli və bəşəri dəyərlər üzərində tərbiyəsi baxımından real  nümunələrdir.

Azərbaycançılıq ideologiyasının əsasında duran ümumbəşəri tərbiyənin nəticəsidir ki, ölkəmiz tolerant, multikultural dəyərlərə malik ölkə kimi tanınır. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”, - deyən Ümummilli Liderin siyasəti nəticəsində etnik-mədəni özünəməxsusluğun qorunub saxlanması üçün hüquqi və mənəvi şərtlər təmin olunmuşdur. Tarixiliklə müasirliyin vəhdəti, multikultural dəyərlər, tolerantlıq mühiti qorunub inkişaf etdirilmişdir.

Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində azərbaycançılıq ideologiyası təkcə siyasi-hüquqi amil kimi deyil, həm də milli-mənəvi gerçəklik kimi aktuallığını qoruyub saxlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında gənc nəslin milli ruhda tərbiyəsi məsələsini xüsusi vurğulayır: “Gənclər Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır”.

Milli ideologiyamız olan azərbaycanıçılıq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsi kimi bu gün də davam etdirilməkdədir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu müasir azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi bu gün də dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilmişdir. Gənc nəslin bu ruh və əqidədə tərbiyəsi konsepti, xarici təhdidlərdən, antimilli təsirlərdən qoruma ideologiyasıdır. 

3 oktyabr 1993-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Tərbiyə isə ilk növbədə nümunədən başlayır.