YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Davamlı inkişafın göstəriciləri

"Dövlət quruculuğunun ilk illərində Ümummilli Lider Heydər Əliyev iqtisadi inkişafın təməlini qoymaq üçün Ermənistanla atəşkəsə nail oldu. Ulu Öndərin səyləri nəticəsində əldə olunan sabitlik dövlətimizə xarici investisiyaların qoyuluşuna böyük imkanlar qazandırdı. Bu, müstəqil Azərbaycan üçün yeni iqtisadi inkişaf yolu oldu. “Əsrin müqaviləsi” ilə başlanan sosial-iqtisadi strategiya gələcək üçün böyük perspektivlər açdı".

Bu fikirləri YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.

O, qeyd edib ki, Azərbaycan yeni dövrün reallıqları ilə addımlayır. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrin göstəricilərini üstələyir. Builki iqtisadi artım 4,3 faiz təşkil edib. Dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparılır. Ona görə də düşünmək olar ki, neft-qaz sahəsində də yeni inkişaf modeli gözlənilir. Qeyri-neft sektorunun inkişafında da müsbət tendensiya müşahidə olunur.

Təşkilat sədri bildirib ki, dayanıqlı iqtisadi inkişaf milli təhlükəsizliyin təmin olunması və o cümlədən, hərbi sahənin inkişafı üçün geniş imkanlar açır. Son illər ərzində və xüsusilə antiterror əməliyyatlarından sonra dövlət suverenliyimizin tam təmin edilməsi təbii olaraq bütün investorlara müsbət mənada əminlik və yeni imkankar yaratdı. Yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünün və inkişafının göstəricisidir.

A.Əliyev qeyd edib ki, büdcə dövlətimizin imkanlarını əks etdirir. Heç bir yerdən yardım almırıq. Xarici borcumuz ümumi daxili məhsula nisbətdə cəmi 7,5 faizdir. Gələn ilin əsas xərcləri artıq müəyyən edilib. İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr diqqət mərkəzindədir. Gələn il minimum əməkhaqqının və pensiyaların artırılması büdcədə nəzərdə tutulur. Azərbaycanın əsas hədəfi iqtisadiyyatı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. Artıq ölkəmizin iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib.