Xəbərlər
Azərbaycan yeni dövrün reallıqları ilə addımlayır
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Sentyabrın 26-da Prezident İlham Əliyevin sədrliyi ilə iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı zamanı dövlətimizin başçısı ilin əvvəlindən iqtisadi inkişafın gözlənilən səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı bildirib ki, gələn ilin əsas xərcləri artıq müəyyən edilib.
2003-cü ildən başlayaraq Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox uğura imza atmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələr əldə etmişdir. Bu dönəmdə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət aldı. Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi. Azərbaycan vətəndaşları ölkəmizin iqtisadi gücü və qüdrətinin ilbəil artmasının şahidi oldu. Ölkə əhalisi iqtisadi inkişafın nəticələrini özünün həyat səviyyəsinin yüksəlməsində hiss etdi.
Azərbaycanın iqtisadi müstəqilliyi möhkəmləndirilmiş, borc alan ölkədən donor ölkəyə çevrilmişdir. Cənab İlham Əliyevin hər zaman vurğuladığı kimi, Azərbaycan bu gün valyuta ehtiyatları, daxili istehsal və ixrac potensialı ilə iqtisadi müstəqilliyini təmin etmiş ölkədir və iqtisadiyyatı üçün əhəmiyyətli olan istənilən iqtisadi layihəni maliyyələşdirmə imkanına malikdir. Bununla yanaşı, ölkə xarici donorlar üçün də etibarlı tərəfdaşdır və investisiya cəlbetmə imkanları yüksəkdir. Hazırda ölkənin valyuta ehtiyatları xarici borclarından dəfələrlə çoxdur.
Daha sonra Prezident İlham Əliyev qeyd etdi ki, təbii olaraq, bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir: “İnflyasiya ilin əvvəlindən cəmi bir faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir. Mən artıq bəyan etdim ki, gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq, baxmayaraq ki, inflyasiya çox aşağı səviyyədədir. Baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı. Biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik”.
Bu gün Azərbaycan iqtisadiyyatı asılılıq yaratmadan ən effektiv inkişaf etmə üsuluna keçid edib. Ölkəmizdə həyata keçirilən İqtisadi siyasət uğurlu bir modeldir. Yeni iqtisadi inkişaf modelini məhz Prezident İlham Əliyev yaradıb. Azərbaycanda perspektivdə həyata keçiriləcək iqtisadi islahatların məqsədi yüksək insan kapitalına və innovasiyalara əsaslanan dayanıqlı və rəqabətli iqtisadiyyatın formalaşdırılmasıdır.