Xəbərlər
Xalqın birliyi ideoloji təxribatlara qarşı etibarlı sipər rolunu oynayır
Əli Hüseynli
Milli Məclisin deputatı
Dünyanı təhdid edən hibrid müharibələr və yeni ideoloji mübarizə üsullarının geniş formada tətbiq edildiyi indiki şəraitdə ölkələr və xalqlar qarşısında duran mühüm vəzifələrdən biri ideoloji təhlükəsizliyin təmin edilməsi ilə bağldır. Azərbaycan da zaman-zaman ideoloji təxribatlarla üzləşib. İdeologiya istər müharibədə, istərsə sülh dövründə geosiyasi mübarizənin əsas komponentlərindən biri olub.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən və Qarabağda keçirilmiş bir günlük antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası və dövlət suverenliyinin tam təmin edilməsi ilə bütövlükdə Cənubi Qafqaz bölgəsində yaranmış yeni geosiyasi reallıqlar fonunda bu nailiyyətləri gözü götürməyən bəzi beynəlxalq dairələr və Qərb ölkələri tərəfindən ölkəmizə qarşı ideoloji mübarizə daha da güclənmişdir. Prezident İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasında söylədiyi proqram xarakterli tarixi nitqində diqqət yönəltdiyi əsas tezislərdən biri də məhz ölkəmizə qarşı davam edən ideoloji təxribatlara qarşı mübarizənin yeni çağırılara uyğun şəkildə formalaşdırılmasının vacibliyi ilə bağlıdır.
Cənab İlham Əliyevin vurğuladığı kimi, bu gün saxta, yəni, “fake news” adlandırılan xəbərlər, əfsuslar olsun ki, geniş vüsət alır. İstənilən yalan xəbər çox böyük fəsadlara gətirib çıxara bilər. Azərbaycan bu şər-böhtan kampaniyaları ilə daim üz-üzədir. Dövlətimizin başçısı İlham Əliyev qarşıda dayanan prioritetləri açıqlayarkən bizə qarşı informasiya kampaniyasının aparıldığını diqqətə çatdırır və özü informasiya mübarizəsinin önündə gedərək daha bir Lider nümunəsini ortaya qoyur.
Müşahidələr, tarixi və siyasi təhlillər onu göstərir ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın qarşılaşdığı ideoloji təxribatlar xüsusilə iki istiqamətdə baş verib. Bunlardan biri Ermənistan və dünya ermənliyinin ərazi iddiaları və millətçilik mərəzi üzərində nail olmaq istədikləri hədəflərə yönəlib. Digəri isə xaricdən maliyyələşən antiazərbaycan qüvvələrin və radikal ünsürlərin ölkə daxilində milli-mənəvi ideologiyanı zədələmək, ictimai şüuru öz maraqlarına uyğun formalaşdırmaq kimi mənfur niyyətə xidmət edən xəyanətkar planlarıdır. Görünən isə odur ki, indiyə qədər belə cəhdlər nəticə verməyib. Prezident İlham Əliyev də çıxışında bunu xüsusi qeyd edərək bildirdi ki, xalqın həmrəyliyi, xalq-iqtidar birliyi şəraitində istənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Lakin dövlətimizin başçısı onu da əlavə etdi ki, bu, bizi heç də arxayın salmamalıdır: “Biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil. Bizi kim dəstəkləyib, suverenliyimizin bərpa edilməsində kim təbrik edib? Bu, bizim dostlarımızdır. Buna qarşı kim çıxıb və kim çıxır? Bunlar bizə dost ola bilməzlər... Ona görə ideoloji təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində olmalıdır, həm dövlət qurumlarının, həm qanunvericilik orqanının, həm də ictimai fəalların. Biz bu məsələ ilə əlaqədar əlbəttə ki, öz addımlarımızı atırıq və atacağıq”.
Dövlət başçısı bu işdə Azərbaycanın gələcək inkişafının əsas təminatçısı kimi gənc nəslin milli ruhda böyüməsini ilkin şərtlərdən biri kimi dəyərləndirmişdir: “...Elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Zatən qürurlu olmaq üçün bizim şanlı müharibələrimizdən sonra, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır?!... Yəni, öz ölkəmizlə, xalqımızla fəxr etmək üçün ən çox haqlı olan xalq Azərbaycan xalqıdır”.
Bu fikirlər Ulu Öndər Heydər Əliyev dühasının məhsulu olaraq ölkədə milli yüksəlişi təmin edən dəyərlər sistemini formalaşdıran, nəticədə bugünkü Azərbaycanın uğurlarını şərtləndirən meyara çevrilmiş və hər zaman günədək aktuallığını qoruyub saxlayan azərbaycançılıq ideologiyasının mahiyyətindən doğur.