YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarix bizə qürurverici illər yaşadır

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Bu gün dünya azərbaycanlıları şanlı ordumuzun Zəfər təntənəsi ilə qürur duyur. Prezident İlham Əliyevin siyasi-iqtisadi islahatları, ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycan torpaqlarında erməni seperatizminin kökü birdəfəlik kəsildi və müstəqillik tarixində ilk dəfə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edildi.

Prezident İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxışı dərin məzmunlu, sərrast təhlil xarakterli planlardan xəbər verir. Dövlət başçısı bildirdi ki, birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatları arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik.

Qarşıda böyük məsələlər durur ki, onların da həlli sürətlə həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzuru yenidən qurmaq olduqca vacibdir. Keçmiş köçkünlər doğma yurda qayıtmalı və təhlükəsiz şəraitdə yaşamalıdır. Ümumiyyətlə, Vətən müharibəsindən sonrakı sərhəd toqquşmalarında, antiterror tədbirlərində Azərbaycan Ordusu ən müasir hərbi əməliyyatları aparmaq iqtidarında olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələrində türk ordusu modelinə keçid kifayət qədər sürətlə davam edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan müharibədən sonrakı dövrdə də ordu quruculuğu və silahlı qüvvələrin təminat və təchizatında çox mühüm addımlar atır. Bu gün Azərbaycan hərbi-texniki sahədə həm Türk Dövlətləri Təşkilatı üzvləri, həm də digər müttəfiq və dost ölkələrlə uğurlu əməkdaşlığa malikdir.

Şanlı ordumuz postmüharibə dövründə beynəlxalq reytinqini hər il daha da artırır. Təsadüfi deyil ki, Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın güclü orduları sırasında yer alır. Bunlar əsas verir ki, əldə edilən zəfərimizi, tarixi qələbəmizi kimsə sarsıda bilməz. Təbii ki, hərbi sahəyə olan diqqət daha da artırılacaq. Dövlət başçısının dediyi kimi, bu sahəyə ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər. Ermənistanda revanşistlər bizə süni əngəllər yaratmağa çalışsalar da, heç nəyə nail ola bilməyəcəklər. Çünki “Dəmir yumruq” yerindədir və hər an onların başını əzə bilər.