Xəbərlər
Müstəqil siyasət, misilsiz inkişaf...
Səbinə Xasayeva
Milli Məclisin deputatı
Növbədənkənar parlament seçkiləri uğurla, böyük siyasi fəallıqla başa çatdı. Bu demokratik seçkilər təsdiqlədi ki, Azərbaycan dünyəvi, bəşəri dövlətdir, bu dövlətdə hər bir vətəndaşın hüquqları Konstitusiyanın tələbləri ilə ciddi şəkildə qorunur. Bu seçkilər onu da təsdiqlədi ki, Azərbaycanda vətəndaş cəmiyyəti birmənalı şəkildə dövlətçilik atributları səviyyəsində qorunur, mühafizə edilir, yaşadılır. Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyevin çıxışı da məhz bu gerçəkliklərin ifadəsi kimi diqqət çəkdi.
Çıxışında Vətən müharibəsi və antiterror əməliyyatlarının arxada qaldığını, dünyada gedən proseslərin, yeni müharibə ocaqlarının yaradıldığını, Ermənistanda revanşizm meyillilərinin baş qaldırdığını xatırladan dövlətimizin başçısı qeyd etdi ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər.
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı, torpaqlarımız işğaldan azad edildi. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi. Bu Zəfər dünyanın nizamını dəyişdi, gerçəkliklərin işğalı susdurması bəşərililiyin təntənəsi kimi tarixləşdi. Yeddinci çağırış parlamentin ilk iclasındakı çıxışında Prezident İlham Əliyev bildirib: “Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İkinci Qarabağ müharibəsindən ötən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Komando Qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir”.
Dövlət başçısı çıxışında Böyük Vətən müharibəsi ilə İkinci Qarabağ müharibəsi arasında məntiqi müqayisə də gətirdi. Bu müqayisə ilk dəfə səsləndirildiyinə və xarakteristikasının eyniliyinə görə yaddaşlarda və tarixdə qalacaq: “İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlamışdır. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nədən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar”.
Çıxışında tarixi Zəfərdən sonra Azərbycanın beynlxalq nüfuzunun bir neçə dəfə artdığını, beynəlxalq mövqelərinin möhkəmləndiyini, beynəlxalq ictimaiyyətin Azərbaycanın yanında olduğunu xatırladan cənab İlham Əliyev bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacağını diqqətə çatdırdı.
Prezident İham Əliyev Millli Məclisdə çıxışında ölkələrarası münasibətdə ikitərəfli əlaqələrin hansı formatda qurulmasına fəlsəfi mahiyyətlə yanaşdı. Bu, bəşəriliyin dərki baxımından dünya ictimaiyyətini, dövlətləri ciddi düşündürməlidir: “Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Vaxtilə bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər”.
Xalqımızın gələcəyə böyük inamı var. Dövlətçiliklə səsləşən bu inam daha güclü Azərbaycan deməkdir. Prezidentin sözügedən çıxışı Azərbaycan tarixində mühüm hadisə kimi yadda qalacaq.