Xəbərlər
Regionun intellektual inkişafına töhfə
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması müasir tariximizin ən mühüm hadisəsidir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız erməni işğalından azad olundu. Ötən il sentyabrın 19-20-də Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə Qarabağ erməni separatçılarından tam təmizləndi. Oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində üçrəngli Dövlət Bayrağımızı ucaltması və xalqa müraciətini sonsuz iftixar və qürur hissi ilə izlədik. Bu torpaqlarda bayrağımızın dalğalanması tariximizin şanlı səhifəsidir.
Bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. 30 il davam edən Qarabağ problemini tarixi Zəfərlə bitirən, dünyanın ən islahatçı ölkələri sırasına yüksələn, bölgənin şəriksiz liderinə çevrilən ölkəmizin bütün bu nailiyyətləri Prezident İlham Əliyevin möhtəşəm fəaliyyətinin nəticələridir.
Prezident İlham Əliyevin əlamətdar tarixi günlərdə işğaldan azad olunmuş torpaqlara səfər etməsi artıq ənənə halını alıb. Cənab İlham Əliyevin hər səfəri bu torpaqların dirçəlişini daha da sürətləndirir. Bu səfərlərin hər biri dərin məna daşıyır, böyük əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, hazırda həmin ərazilərdə intensiv şəkildə bərpa və quruculuq işləri aparılır. Yeni yollar çəkilir, tarixi-mədəni abidələr bərpa olunur, infrastruktur layihələri həyata keçirilir. Dövlət başçısının bölgəyə səfərləri, ilk növbədə, məhz bu işlərin xüsusi diqqət mərkəzində saxlandığını göstərir.
Prezident İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dövlət başçısının bu əlamətdar gündə məhz Xankəndi şəhərinə səfər etməsi, orada yeni təsis olunmuş Qarabağ Universitetində yaradılan şəraitlə tanış olması, professor-müəllim heyəti və gənc tələbələrlə görüşü elmə və təhsilə, eləcə də sülh və sabitliyə, tərəqqiyə verilən dəyərin bariz nümunəsidir.
Dövlət başçısı açılışda çıxışı zamanı Vətən müharibəsi və antiterror tədbirləri ilə Azərbaycanda separatçılığa son qoyulduğunu bildirdi. Cənab İlham Əliyev şəhidlərin Vətən uğrunda göstərdiyi fədakarlığı xatırladaraq, onların qəhrəmanlıqlarının Azərbaycanın Zəfərində əsas amil olduğunu qeyd etdi. Şəhidlərin əziz xatirəsinin xalqın qəlbində daim yaşayacağını vurğuladı.
Qarabağ Universitetinin açılışını tarixi hadisə kimi dəyərləndirən Prezident, bu təhsil ocağının Azərbaycanın gələcək nəsillərinə xidmət edəcəyini və regionun intellektual inkişafına mühüm töhfə verəcəyini bildirdi. Universitetin gələcəkdə yerli və xarici alimlərdən ibarət tədris heyəti ilə fəaliyyət göstərəcəyi qeyd edildi. Cənab İlham Əliyev universitetin tələbə qəbulu prosesinə toxunaraq, bu il yüksək bal toplayan abituriyentlərin Qarabağ Universitetinə daxil olduğunu və qəbul planının demək olar ki, tam yerinə yetirildiyini bildirdi. Bu da Azərbaycanın təhsil sisteminin gücünü göstərir. Prezident universitet tələbələrinə uğurlar arzulayaraq, onların yüksək təhsil alıb ölkəyə faydalı mütəxəssislər kimi yetişəcəyinə əminliyini ifadə etdi. O, Azərbaycanın gənc nəslinin vətənpərvər və savadlı olmasının vacibliyini vurğuladı.