Xəbərlər
Ordun varsa, yurdun var!
“27 sentyabr təqvimi Azərbaycanın tarixinə və xalqımızın qəlbinə əbədi həkk olundu. Çünki məhz dörd il öncə bu tarixdə Ermənistanın 30 illik işğalçı siyasətinə son qoyulması üçün Vətən müharibəsi başladı. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində Ermənistan ordusunu məhv edib. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bundan sonra Azərbaycan müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq”.
Bu fikirləri yeddinci çağırış Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanan əks-hücum əməliyyatı və 44 günlük döyüşlər tariximizə Vətən müharibəsi kimi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa tarixi müraciəti, ölkədə hərbi vəziyyətin, eləcə də qismən hərbi səfərbərliyin elan olunması unudulmaz hadisələrdir. Bu çağırışdan və qərarlardan sonra on minlərlə vətəndaşımızın yaşından asılı olmayaraq könüllü surətdə döyüşlərə getmək, torpaqlarımızı işğaldan azad etmək üçün müvafiq quruma, səfərbərlik xidmətinin yerli şöbələrinə müraciət edirdilər. Xalqda 27 sentyabr günü böyük coşğu var idi. Çünki nəhayət, 30 illik həsrətdən sonra torpaqlarımızın erməni işğalından azad olunması uğrunda müharibə başlamışdı.
Biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun sayəsində yaşayırıq. Məhz onların qanı-canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu Qələbələri qeyd edirik. Bu yolda 3 minə qədər şəhid verdik, minlərlə qazimiz oldu. Vətən müharibəsində Birinci Qarabağ müharibəsi zamanı həlak olan şəhidlərimizin, Xocalı soyqırımının, digər erməni qətliamlarının qurbanı olan soydaşlarımızın qisası alındı. Biz şəhidlərimizin ruhu qarşısnda baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq. Bu oğulları böyüdüb boya başa çatdıran ana-atalarımıza minnətdarıq. Vətən onlarla sonsuz dərəcədə fəxr edir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını qurban vermiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Deputatın sözlərinə görə, 2020-ci il noyabrın 8-də üçrəngli dövlət bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması növbəti Qələbələrimizin əsası kimi dəyərləndirildi. Noyabrın 10-da isə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsi oldu. 44 gün ərzində Azərbaycan Ordusu işğalçı Ermənistanı diz çökdürdü. Nikol Paşinyanın kapitulyasiya aktına imza atmağa məcbur edilməsi Ermənistanın məğlubiyyətini rəsmiləşdirdi. Eyni zamanda, üçtərəfli Bəyanata əsasən, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın qan tökülmədən düşməndən geri alındı.
Qələbəmizin təmin olunmasında qardaş Türkiyənin birmənalı olaraq mənəvi və siyasi dəstəyi mühüm rol oynadı. Xalqımız bu qardaş dəstəyini böyük minnətdarlıqla xatırlayır və bundan sonra da hər zaman belə olacaq.
“44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz bütün dünyaya öz qüdrətini, gücünü bir daha nümayiş etdirdi. Xalq-iqtidar birliyindən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti qəhrəman ordumuzun Zəfər yürüşünün əsasını təşkil etdi. Hazırda doğma Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirilir. Şuşada Heydər Əliyev Fondu tərəfindən dini, tarixi abidələr bərpa olunur, eləcə də müxtəlif mədəni tədbirlər keçirilir. Xarıbülbül Musiqi Festivalı, Vaqif Poeziya Günləri və Milli Musiqi Gününün təşkil olunması buna sübutdur. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işlərinin aparılması Böyük Qayıdışın qısa müddət ərzində reallaşmasına hesablanıb. İnsanlar öz doğma yurdlarına qayıtmağı, yaşayıb yaratmağı arzulayırlar və Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bu arzuları reallığa çevirməkdədir. Bütövlükdə, hesab edirəm ki, qazandığımız zəfərlərin əsasında xalq-iqtidar birliyi, İlham Əliyev fenomeni, diplomatik uğurlarımız, siyasi və iqtisadi gücümüz dayanır. Bu müddət ərzində Azərbaycan xalqı Ali Baş Komandanla və qəhrəman ordumuzla sıx birlik nümayiş etdirdi. Bu amil bizim Qələbəmizdə çox mühüm rol oynadı. Biz Zəfər tariximizin 3-cü ildönümünü digər möhtəşəm Qələbənin əldə olunması ilə qeyd etdik. Ötən il 19-20 sentyabr tarixlərində 23 saat ərzində ordumuz Qarabağ ərazisində lokal xarakterli antiterror tədbirləri keçirərək erməni separatçılarını diz çökdürdü. Artıq həmin torpaqlarda da Azərbaycan bayrağı qürurla dalğalanmaqdadır. Qarabağ tarixi Azərbaycan torpağıdır və bu torpağın sahibi yenidən o yurdlara qayıtdı. Biz bu torpaqlarda bundan sonra əbədi yaşayacağıq. Düşünürəm ki, bundan sonra Azərbaycan tarixində yeni mərhələ, yeni səhifə açılır. Bu mərhələdə müstəqil ölkəmiz daha inamla, daha əzmlə inkişaf edəcək, beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirəcək, Qarabağın dirçəlişi ilə yeni tarix yazacaq”, - deyə Fatma Yıldırım vurğulayıb.