Xəbərlər
Mariya Zaxarova: Rusiya Dağlıq Qarabağ münaqişəsinin sonunu mümkün qədər tez yaxınlaşdırmaq üçün hər şey edəcək
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi həftəlik brifinqdə Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə haqqında suala cavab verərək bildirib ki, konkret dövlətə qarşı hər hansı konkret iddialar siyasiləşdirilmiş metodlarla deyil, qarşılıqlı hörmət və dialoq əsasında həll edilməlidir.
Rusiyanın Azərbaycan ilə münasibətlərini dinamik inkişaf edən münasibətlər kimi dəyərləndirdiyini vurğulayan M.Zaxarova deyib: “Azərbaycan təkcə siyasi sahədə deyil, həm də iqtisadi və digər sahələrdə bizim tərəfdaşımızdır. Yüksək səviyyədə, xarici işlər nazirləri səviyyəsində əlaqələrdən tutmuş humanitar əlaqələrədək bütün səviyyələrdə dialoqumuz çox fəal inkişaf edir. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə Rusiya nizamasalma prosesinə yaxından qoşulub və biz bu sülh prosesinin məsuliyyətli iştirakçılarıyıq”.
Rusiya XİN-in nümayəndəsi vurğulayıb ki, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin sonunu mümkün qədər tez yaxınlaşdırmaq üçün lazım olan hər şeyi edir və bundan sonra da edəcək.