Xəbərlər
Şanlı Zəfərimizin növbəti təntənəsi
Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri
30 illik Qarabağ probleminə son qoyan Prezident İlham Əliyevin sentyabrın 20-də məhz Dövlət Suverenliyi Günündə Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak etməsi, bu təhsil ocağının müəllim və tələbə heyəti ilə görüşü hər bir azərbaycanlıya qürur hissi yaşatdı.
Şanlı Zəfərimizin növbəti təntənəsində Prezident İlham Əliyev çıxışı zamanı bir daha əzəli-əbədi torpaqlarımızın tarixinə nəzər salaraq bildirib ki, Xankəndi şəhəri qədim Azərbaycanın yaşayış yeri olub. Sadəcə olaraq, yenə də Azərbaycana, xalqımıza qarşı düşmənçilik siyasəti nəticəsində uzun illər ərzində bizim nəzarətimiz burada ya zəif idi, ya da ümumiyyətlə, yox idi. Çünki XIX əsrin əvvəlində bağlanmış üç müqavilə - “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri faktiki olaraq sonrakı işğalı da şərtləndirdi. Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülmüşdür və bu, həqiqətdir, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmuşdur.
Azərbaycan xalqı öz tarixi müstəqilliyini, suverenliyini bərpa etmək üçün uzun illər ərzində çox çətinliklərə sinə gərmiş, son dərəcə ağır faciələrlə üz-üzə qalmış, lakin bütün bunlara baxmayaraq, milli dəyərlərini qorumaqla qüdrətini bir daha sübuta yetirdi, ərazi bütövlüyünü tam təmin etdi. 44 günlük Vətən müharibəsi xalqımızın Vətənə olan sonsuz məhəbbətini, milli birliyini bütün dünyaya nümayiş etdirdi.
Hazırda üçrəngli dövlət bayrağımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmiş yurdumuzun hər qarışında, eyni zamanda düşmən əsarətindən azad edilən torpaqlarda əzəmətlə yüksəklərə ucalır.
“Bu gün Qarabağda, azad Qarabağda olmaq, sizi görmək, yataqxanada, o eyvanda tələbələrin gülər üzlərini görmək, doğrudan da böyük xoşbəxtlikdir. Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz”. Qarabağ Universitetinin tələbə və müəllim heyəti ilə görüşündə Prezident İlham Əliyev fəxarətlə dilə gətirdiyi bu fikirlər deməyə əsas verir ki, Xankəndidə çox qısa zamanda yeni dövrün çağırışlarına uyğun, məhz müasir Azərbaycan gəncinin arzu və istəklərinə uyğun qurulan Qarabağ Universiteti ölkəmizin elm və təhsil ocaqlarlından birinə çevriləcək. Burada Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq, vətənpərvər ruhlu, müasir dünyagörüşlü, milli-mənəvi dəyərlərimizə sadiq gənclər təhsil alaraq gələcəkdə Azərbaycanın inkişafına layiqli töhfələrini verəcəklər.
Qürurlu haldır ki, Qarabağ və Şərqi Zəngəzurda hazırda misli görünməyən quruculuq işləri görülür, 20 sentyabr dövlət suverenliyimizi şərəfləndirən tarix kimi xalqımız tərəfindən qeyd edilir.