YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ Universiteti regionun elm və təhsil mərkəzinə çevriləcək

“2024-cü il sentyabrın 20-də Qarabağ Universitetinin açılışında iştirak edən  Prezident İlham Əliyev bu ali təhsil ocağının müəllim və tələbə heyəti ilə görüş keçirib. Görüş  zamanı dövlətimizin başçısı Qarabağ Universitetinin yerləşdiyi Xankəndi şəhərinin tarixindən bəhs edərək bildirib ki, bura Azərbaycanın qədim yaşayış yeri olub. Lakin yenə də respublikamıza və xalqımıza qarşı düşmənçilik siyasəti nəticəsində uzun illər ərzində Azərbaycanın nəzarəti burada ya zəif olub, ya da, ümumiyyətlə olmayıb”.

Bu fikirləri Milli Məclisin deputatı Kəmaləddin Qafarov bildirib.

K.Qafarov bildirib ki, XIX əsrin əvvəlində bağlanmış “Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” müqavilələri faktiki olaraq ərazilərimizin sonrakı işğalını da şərtləndirdi: “Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürüldülər. Azərbaycanın iki əsr davam edən bütün bəlaları da ondan sonra başladı. Lakin Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixində keçirdiyi antiterror əməliyyatında əldə etdiyi tarixi Zəfər və parlaq qələbələr bu haqsızlığa birdəfəlik son qoydu. Artıq bundan sonra Azərbaycan xalqı 20 sentyabr tarixini hər il Dövlət Suverenliyi Günü kimi qeyd edəcək. Vurğulamaq lazımdır ki, Xankəndidə Qarabağ Universitetinin açılışını məhz bu tarixdə keçirmək böyük rəmzi məna daşıyır və həm mənəvi, həm də siyasi əhəmiyyət kəsb edir”.       

Deputat daha sonra bildirib ki, Qarabağ Universitetinin ilk tələbələri üçün elan edilmiş qəbul planının tam dolması insanlarımızın öz dədə-baba yurdlarına, Vətən torpaqlarına bağlılıqlarının daha bir göstəricisidir: “Bu ali təhsil ocağında təhsil almağa başlayan tələbələr o torpaqlar işğal altında olduğu illərdə anadan olan gənclərdir. Təqdim olunan məlumatlarda bildirilir ki, universitetin qəbul planı bütünlüklə dolmuşdur. Bu, əlbəttə ki, qətiyyən quru statistik məlumat kimi qiymətləndirilə bilməz. Bu göstərici Azərbaycan xalqında Vətən torpaqlarına bağlılığın genlər səviyyəsində, qan yaddaşında olduğunu bir daha təsdiq edir. Bu tədris ilində Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq. Burada ölkəmizin hər bir bölgəsindən tələbələr var. Yüksək bal toplayan, o cümlədən 600-dən çox bal toplayan tələbələr də bu universitetə böyük həvəslə gəlmişlər. İlkin olaraq Qarabağ Universitetində altı fakültə yaradılıb. Növbəti illərdə burada tibb fakültəsi də yaradılacaq. Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ Universiteti ən qısa zamanda ölkənin aparıcı ali məktəblərindən birinə çevriləcək”.