Xəbərlər
Rusiyanın "Qazprom" şirkəti Azərbaycana ildə 2 milyard kubmetr qaz nəql edəcək
Rusiyanın "Qazprom" şirkəti Azərbaycana gündə 10 milyon kubmetr, illik isə 2 milyard kubmetr qaz nəql edəcək.
Bu sözləri KİV-lərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.
SOCAR-ın Rusiyanın "Qazprom" şirkəti ilə sıx əməkdaşlıq etdiyini deyən R.Abdullayevin sözlərinə görə, hazırda "Qazprom"un anbarlarında böyük həcmdə artıq məhsul saxlanılır. “Belə qərara gəlinib ki, bu qaz artığı danışıqlar nəticəsində SOCAR-ın qaz anbarlarında yerləşdirilsin. Hazırda anbarın imkanları genişləndirilib. Eyni zamanda pilot layihə kimi anbarın da imkanlarını yoxlamaq istəyirik”.
Qeyd olundu ki, 2016-cı ildən həmin qaz Dağıstana nəql olunaraq sözügedən ərazini qazla təmin edəcək. Bəzi texniki məsələlərin həllindən sonra "Qazprom"la müqavilənin 10-15 gün ərzində imzalanması gözlənilir.