Xəbərlər
İnamlı qələbə qazanan YAP xalqa xidmət missiyasını əzmlə davam etdirəcək
Bədəl Bədəlov
Milli Məclisin deputatı
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə azad, demokratik, şəffaf, ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun seçkilər keçirildi. 990 nəfərin namizədliyinin qeydə alındığı parlament seçkilərini bir sıra təşkilatların nümayəndələri də daxil olmaqla 598 beynəlxalq müşahidəçi izlədi. Müşahidə missiyaları seçkilərin yüksək rəqabət şəraitində və demokratik prinsiplərə müvafiq təşkil olunduğunu bəyan etdilər.
Mərkəzi Seçki Komissiyasının elan etdiyi ilkin nəticələrə görə, Yeni Azərbaycan Partiyası növbəti dəfə inamlı qələbə qazandı.
Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycanın bütün uğurları və möhtəşəm qələbələri Ulu Öndər Heydər Əliyevin siyasi kursu ilə bağlıdır. Müstəqillik dönəmində Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycanın ən yeni tarixinə müstəqil dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi dövrü kimi həkk olunub, tarixi Zəfərimizin bünövrəsi qoyulub.
Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirərək uzaqgörən və məqsədyönlü siyasət həyata keçirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ölkəmizə misilsiz tarixi nailiyyətlər qazandırıb. Bu uğurların zirvə nöqtəsi isə 30 ilədək Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi – Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır. Budəfəki seçkilərin ölkəmizin bütün suveren ərazilərində keçirilən ilk parlament seçkiləri kimi tarixə düşməsi isə olduqca əlamətdar və qürurvericidir.
Hər bir ölkənin həyatında əhəmiyyətli rol oynayan seçkilərin nəticələri hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirilməsindən asılıdır. Son 30 il ərzində Azərbaycan zəngin seçki təcrübəsi ilə daim diqqət mərkəzində olub. Seçkidən-seçkiyə bu təcrübənin daha da təkmilləşməsi Azərbaycanın demokratik inkişafda maraqlı olduğunu bir daha təsdiqləyir. Yeni Azərbaycan Partiyası daha əvvəl iştirak etdiyi bütün seçkilərdə olduğu kimi, 1 sentyabr – növbədənkənar parlament seçkiləri ilə bağlı təşviqat kampaniyasını mütərəqqi ənənələrə uyğun olaraq uğurla apardı.
Bütün bu və digər amillər Yeni Azərbaycan Partiyasının parlament seçkilərində tarixi qələbəsini şərtləndirdi.
Ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyası “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə təqdim etdiyi seçki platformasında əks olunan hədəfləri inamla gerçəkləşdirmək əzmindədir. Dövlət təhlükəsizliyini təmin etməklə sabitlik mühitinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, idarəetmədə səmərəliliyin artırılması məqsədilə islahatların davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, işğaldan azad olunmuş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin davam etdirilməsi, dayanıqlı və layiqli məskunlaşmanın təmin edilməsi kimi prioritet məsələlər qarşıda duran əsas hədəflərdəndir.
Beləliklə, seçkilərin nəticələri onu deməyə əsas verir ki, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısı, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasına bir daha böyük inam və etimad göstərdi.
Dünənin, bu günün və gələcəyin partiyası olan YAP bundan sonra da xalqın etimadını layiqincə doğrultmaq üçün siyasi fəaliyyətini uğurla davam etdirəcək, ölkəmizin daha da inkişafı naminə qarşıda duran bütün milli məqsədləri reallaşdıracaq, xalqa xidmət missiyasını böyük əzm, şərəf və ləyaqətlə davam etdirəcəkdir.
Bu inamlı qələbə münasibətilə bütün partiya üzvlərimizi ürəkdən təbrik edir, “Yeni dövrə Yeni Azərbaycanla!” çağırışına dəstək verən seçicilərimizə dərin təşəkkürümüzü bildiririk.