YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi zəfərlər xalqımızın yaddaşına qızıl hərflərlə yazılıb

Faqət Şadlinskaya

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri

Prezident İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində təmirdən sonra açılışında iştirak etdiyi Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə əbədi fəxr edəcəyik. Hər bir qərəzsiz təhlilçi, hərbi ekspert və obyektiv insan bütün bu 44 günlük qəhrəmanlıq salnaməsini təhlil edərək eyni nəticəyə gəlməlidir.

30 ildə Ermənistan işğalçı siyasətini davam etdirdi, ərazilərimizdə təxribatlar törətdi, təmas xətti boyunca yaşayan dinc əhaliyə mütəmadi atəş açdı, onların rahat yaşamasına imkan vermədi. Azərbaycan xalqı işğalla heç zaman barışmadı. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı, Azərbaycana qarşı diversiyaları davam etdirdi, erməni siyasətçiləri xalqımıza qarşı təxribatçı bəyanatlar verdilər.

2020-ci il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.

Ermənistan hərbi birləşmələrinin 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Milli həmrəyliyimizin təcəssümü olan bu Qələbə tarixdə əbədi qalacaq. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bundan sonra Azərbaycan müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.

Tarixi Zəfərimizdən ötən üç il ərzində baş verənlər bir günlük antiterror tədbirlərini qaçılmaz etdi. Belə ki, ötən ilin 19-20 sentyabr tarixlərində rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə apardığı bir günlük lokal xarakterli antiterror əməliyyatları nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi.

Dövlətimizin başçısı sözügedən görüşdə “İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz”, - deyə bildirib.

Azərbaycan dünya hərb tarixində çox az rast gəlinən bu mühüm məqamda, postmüharibə dövründə bərpa-quruculuq işlərinin aparılmasında öz təcrübəsini nümayiş etdirir.  Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  işğaldan azad edilmiş ərazilərimizə ilk səfəri məhz 16 noyabr 2020-ci il tarixdə  Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə oldu. Dövlət başçısı bərpa-quruculuq işləri çərçivəsində ilk olaraq infrastrukturun yenilənməsini, yolların çəkilişini  qarşıya mühüm vəzifə kimi qoydu. Həmin səfər çərçivəsində Prezidentin Zəfər yolu kimi dəyərləndirdiyi Füzuli-Şuşa yolunun tikintisi ilə bağlı göstəriş verildi, Zəfər yolu çox qısa zamanda istifadəyə verildi.

Dövlət başçısı İlham Əliyevin hər bir səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Prezidentin sentyabrın 19-20-də Ağdam, Şuşa, Xankəndi şəhərlərinə səfəri də bu baxımdan xüsusi diqqətdə oldu. Dövlət Suverenliyi Günündə Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışı da görülən işlərin tərkib hissəsidir.

Tarixi Zəfərimizdən ötən dörd ildə bu torpaqlarda görülən işlərə diqqət yetirsək miqyasının nə qədər geniş olduğunu böyük inamla qeyd edə bilərik. Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verildi. Qarabağ və Şərqi Zəngəzur hava qapısını dünyaya açmaqla tarixi Zəfərimizin beynəlxalq miqyasda qəbuluna öz töhfəsini verir. Gələn ilin əvvəlində Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Bu torpaqlarda yaradılan şərait soydaşlarımızın mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdışına stimul verir. Artıq dörd şəhərə və dörd kəndə qayıdış reallaşıb. Bu il qayıdışın nəzərdə tutulduğu məkanlar Xankəndi, Cəbrayıl və Kəlbəcər şəhərləridir. Tezliklə bu sevinci də yaşayacağıq.