YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərdən inkişafa gedən şanlı yol...

Ziyafət Əsgərov

Milli Məclisin deputatı

44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra azad edilmiş doğma torpaqlarımızda geniş quruculuq işləri başlanıb, Vətənimizin dilbər guşələri abadlaşdırılıb. Prezident İlham Əliyev bu abadlaşdırma prosesini yaxından izləmək məqsədilə doğma yurdumuzun əziz torpaqlarını dəfələrlə ziyarət edib.

Cari ilin 20 sentyabr tarixində cənab İlham Əliyev Xankəndi şəhərinə növbəti dəfə səfər edib. Dövlətimizin başçısı səfər çərçivəsində doğma Xankəndidə yeni yaradılan, böyük Zəfərimizin ən gözəl simvollarından biri olan Qarabağ Universitetini ziyarət edərək buranın müəllimləri, yüksək nəticə göstərmiş tələbələri ilə görüş keçirib. Prezident çıxışında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qazandığımız şanlı zəfərlərə gedən yoldan hərtərəfli bəhs edib.

Prezident İkinci Qarabağ müharibəsi nəticəsində əldə etdiyimiz möhtəşəm Qələbənin və ölkəmizin suverenliyinin tam bərpasının bizə böyük qürur hissi yaşatdığını vurğulayıb. Bu tarixi Qələbə nəticəsində ədalət və beynəlxalq hüquq zəfər çalıb, Azərbaycan öz gücünü bütün dünyaya bir daha göstərib.

Ali Baş Komandan İlham Əliyev çıxışında şanlı Ordumuzun qələbəsində böyük rol oynayan, Vətəni uğrunda canlarından keçən şəhidləri xüsusilə anıb. Vətən müharibəsində və antiterror əməliyyatında 90 mindən artıq azərbaycanlı gənc iştirak edib, onlardan 3200-dən çoxu torpaqlarımızın azad olunması uğrunda qəhramancasına canlarından keçərək Azərbaycanın şanlı tarixində əbədi iz buraxıblar. 44 günlük müharibə zamanı ordumuz hər gün yeni uğurlar əldə edib, bir nəfər belə olsun döyüş meydanını tərk etməyib, işğal olunmuş ərazilərin geri qaytarılmasında mühüm nailiyyətlərə imza atıblar. Müharibələrdə psixoloji üstünlük də hərbi güc qədər əhəmiyyətlidir. Azərbaycan Ordusu yalnız gücü ilə deyil, həm də psixoloji hazırlığı və döyüş iradəsi ilə düşmən üzərində qələbə qazanıb.

Prezidentin də vurğuladığı kimi, ordumuz çətin coğrafi şəraitdə, düşmənin bütün müdafiə xətlərini yararaq irəliləmiş, Şuşa kimi alınmaz qalanı yüngül silahlarla azad etmiş, müasir tarixdə misli görünməmiş bir rəşadətlə, peşəkarlıqla Zəfər qazanmışdır. Tarixi Zəfərimiz nəticəsində illərdir Vətən həsrəti çəkən keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri qayıtmağa başlamışdır. Onların uzun illərdən sonra evlərinə dönməsi, Azərbaycanın azad olunmuş torpaqlarına qayıdışı böyük tarixi məna kəsb edir.

Azərbaycan xalqı 44 günlük müharibədə vətənpərvərlik ruhunun nələrə qadir olduğunu bir daha göstərdi, gənc nəslin milli ruhda tərbiyə olunmasının ölkənin suverenliyinin təminatı olduğunu sübut etdi. Dövlət başçısı çıxışında bütün çətinliklərə, təzyiqlərə baxmayaraq bu ağır dövrdə inamını itirmədən düşmən üzərində Zəfər qazanmış Azərbaycanın göstərdiyi qələbə əzmi və cəsarətin hazırda bütün dünyada işğaldan, müstəmləkəçilikdən əziyyət çəkən xalqlara öz mübarizə yollarında nümunə olduğunu söyləmişdir. 44 günlük müharibə zamanı Azərbaycan xalqı birlik və həmrəyliyin nə qədər vacib olduğunu bir daha sübut etdi.

Dövlət başçımız vurğulamışdır ki, gənc nəslin vətənpərvər ruhda formalaşmasında, tərbiyəsində əsas rolu ailə və müəllim oynayır. Elə Azərbaycan ailələrində, təhsil ocaqlarında gənclərdə vətənpərvərlik ruhunun formalaşmasının nəticəsidir ki, heç vaxt Qarabağı görməyən gənclərimiz doğma torpaqlarımızı azad etmək uğrunda bir an belə düşünmədən canlarından keçdilər, yaralandılar. Biz bu cür cəsur Vətən övladlarına sahib olduğumuz üçün fəxr edir, onlarla hər zaman qürur duyuruq. 

Prezident çıxışında, həmçinin Azərbaycan xalqının tarix boyu yaşadığı çətin dövrlərdən, Qarabağın gələcəkdə işğala uğramasına şərait yaradan “Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra ermənilərin kütləvi şəkildə torpaqlarımıza köçürülməsindən, 1923-cü ildə Sovet hakimiyyəti altında Qarabağın statusunun dəyişdirilməsi ilə Vətənimizə qarşı həyata keçirilən növbəti düşmənçilik addımlarından geniş bəhs edib. Eyni zamanda Sovet hakimiyyəti dövründə Ulu Öndər Heydər Əliyevin Qarabağ probleminin qarşısının alınmasında oynadığı mühüm roldan danışmış, onun Ermənistanın təxribatlarına qarşı apardığı mübarizəni, Azərbaycanın mövqeyini beynəlxalq aləmdə müdafiə etməsini dinləyicilərə bir daha xatırlatmışdır.

Dövlət başçısı İlham Əliyev Qarabağ Universitetinin yaradılmasının bölgə üçün mühüm tarixi hadisə olduğunu vurğulayaraq çıxışını başa vurmuşdur. Universitet, Azərbaycanın təhsil sisteminə yeni nəfəs verəcək, bölgədə bilik və elm mərkəzinə çevriləcəkdir. 1200 tələbənin təhsil aldığı Qarabağ Universiteti ölkənin müxtəlif bölgələrindən  olan gənclərə ev sahibliyi edərək təhsilin gücü ilə Qarabağın yenidən bərpasına xidmət edəcəkdir.