YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz haqq yolundayıq

David İbramxəlilov

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Həmin gün səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusunun döyüş fəaliyyətinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verildi. Sonradan “Dəmir yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.

44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabrda Şuşa şəhəri, 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın rayonu işğaldan azad edilib. Müharibə dövründə Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm olaraq müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti Qələbələrin müqəddiməsinə çevrildi. Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti Qələbəyə köklədi. Dövlət başçısı qeyd etdi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi, düşmən diz çökdürüldü, onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı. Beləliklə, Ermənistan hərbi birləşmələrinin 5 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, Qarabağ problemi tarixə çevrildi.

Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu Zəfər yürüşünün hər günü şanlı tarixidir. Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəman övladlarının əziz xatirəsini daim xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur.

Allah şəhidlərimizə rəhmət eləsin!