YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Dəmir yumruq" - həmrəylik və güc simvolu

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində erməni qəsbkarlarını ağır məğlubiyyətə uğratdı. 27 sentyabr 2020-ci il tariximizə torpaqlarımızın azadlığı uğrunda döyüşlərin başlandığı Anım günü kimi yazıldı. Ordumuzun aramsız və güclü əks-hücumları qarşısında aciz qalan Ermənistan hakimiyyəti 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Vətən müharibəsindən sonra rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı. Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi. Məhz Ermənistan tərəfinin üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri puça çevirdi.

Ermənilər ağır məğlubiyyətdən düzgün nəticə çıxarmadı, yenə də tez-tez Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutur, təxribatlar törədirdilər. Separatçıları mövqelərimizdən geri oturtmaq üçün 12 sentyabr 2022-ci ildə ordumuz uğurlu “Qisas” əməliyyatını həyata keçirdi. Erməni separatçılarına bir-birinin ardınca güclü zərbələr endirildi. Ağır itkilərə məruz qalan düşmən dayandığı mövqelərdən geri çəkilmək məcburiyyətində qaldı. Əlverişli yüksəkliklər, həmçinin Laçın rayonunun Ermənistanın şərti sərhədlərinə yaxın olan kəndlərimiz separatçılardan azad edildi.

Rəzil niyyətlərindən əl çəkməyən, hələ də şirin xəyallarla yaşayan  separatçılar yenə də gizli yollarla Qarabağa silah-sursat daşıyırdılar. Separatçıların bu əməlləri getdikcə həddini aşırdı. Bütün bu amillər yeni antiterror əməliyyatların keçirilməsinə yol açırdı. Separatçıların təxribat hərəkətlərinin qarşısının alınması məqsədilə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni separatçıları məğlubiyyətin rəmzi olan ağ bayraq qaldıraraq təslim oldular. Qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdi. Azərbaycan öz ərazisində separatçılığa son qoydu. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi.

Yüksək peşəkarlıqla aparılan, yalnız legitim hərbi hədəflərin məhv edildiyi antiterror tədbirlərində mülki əhaliyə və obyektlərə zərər dəymədi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli dövlət bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.

44 günlük Vətən müharibəsində olduğu kimi, antiterror əməliyyatları nəticəsində ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiyini bəyan ediblər. 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Həmçinin, 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm simvoluna çevrildi.