YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər yürüşünün təcəssümü

Rövşən Əhmədov

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri

44 günlük Vətən müharibəsi 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli Bəyanatla başa çatıb. Postmüharibə dövründə ermənilər tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismarı, bu zaman ekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması prosesi davam etdirilib. Bu isə Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olub. Separatçıların Qarabağda qeyri-qanuni fəaliyyətlərinə etiraz əlaməti olaraq Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti nümayəndələri və ekofəallar Laçın-Xankəndi yolunda aksiya keçirib.

Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.

Təbii ki, Azərbaycan öz tarixi dədə-baba torpaqlarında separatçı rejimin bu cür özbaşnalıqlarına göz yuma bilməzdi. Bunun nəticəsi olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Qüdrətli ordumuz qarşısında aciz qalan işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Antiterror əməliyyatları zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı.

Uğurla həyata keçirilən bu əməliyyatlar nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Artıq keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtması günümüzün reallığına çevrilib. Görülən işlərin məntiqi nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərimizdə tezliklə firavan və xoşbəxt həyat öz axarına düşəcəkdir.