Xəbərlər
Qəhrəmanlıq salnaməsi
Həbib Misirov
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri
Bir il öncə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan daha bir Zəfər günü yaşandı. 2023-cü ilin sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmən qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqəyə diz çökdürüldü. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Antiterror əməliyyatları zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olunmaları milli dövlətçilik tariximizdə yeni qəhrəmanlıq salnaməsidir.
Bu tarixi günlərə qısaca nəzər salaq. Baş nazir Nikol Paşinyanın o zaman Xankəndidə yuva salmış separatçıların lideri Samvel Şahramanyanı yenidən rəhbər seçilməsi münasibətilə təbrik etməsi artıq bütün əndazələrin keçilməsi idi. Ardınca da sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni silahlı birləşmələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu.
Bütün bu baş verənlər sözün əsl mənasında Azərbaycanın səbrini tükətdi. Həm BMT-nin qətnamələrinə, həm də üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycan Ordusu təhlükəsizliyini təmin etmək üçün lokal antiterror tədbiri həyata keçirməyə məcbur oldu. Qondarma rejimin Ermənistan tərəfindən silahlandırması, Qarabağ ərazisində terror aktları törədilməsi, azərbaycanlı mülki şəxslərə və polis əməkdaşlarına qarşı hücumlar bu əməliyyatı qaçılmaz etdi.
Antiterror tədbirləri zamanı hərbi mövqelər qəsdən yaşayış məskənləri arasında, iaşə obyektlərinin yaxınlığında yerləşdirilmişdi ki, hər hansı hərbi əməliyyat çərçivəsində mülki əhalidən sipər kimi istifadə edilsin. Habelə siyasi situasiya da kifayət qədər mürəkkəb idi və aralarında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də olmaqla separatçılara açıq formada dəstək verilirdi. Belə mürəkkəb hərbi-geosiyasi şəraitdə çox qısa zamanda düşmənin diz çökdürülməsi dünya hərb tarixinin qızıl səhifələrindən biridir. Lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixi üçün misilsiz səhifədir, bu, birmənalı belədir.
Digər bir tərəfdən xalqımızın həmrəyliyini və döyüş ruhunu, ordumuzun peşəkarlığını xüsusi qeyd etmək çox vacibdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq və ordu erməni separatizminin məhv edilməsi üçün böyük vəhdət nümayiş etdirdilər. Bu tarixi qələbədən sonra Azərbaycan Prezidenti ardıcıl və məntiqli addımlar atdı. O, Azərbaycan xalqına müraciətində yeni geosiyasi situasiyada sonrakı tendensiyaların yol xəritəsini ortaya qoydu.
Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi abadlıq-yenidənqurma işləri ilə yeni bir nümunə yaradıb. Prezident İlham Əliyevin çox vacib istiqamətlərdən biri kimi diqqətə çatdırdığı məqam bölgəyə yad ünsürlərin müdaxiləsi və bunun birgə yaşayış, bölgədə dayanıqlı sülh və sabitlik üçün təhdid yaratması ilə bağlıdır. Bu fikirlər Fransa başda olmaqla Avropa İttifaqının separatizmi dəstəkləyən liderlərinin Ermənistanın revanşist hərəkətləri üçün silah-sursat və milyonlarla dollar vəsait ayrıması fonunda olduqca daha aktual səslənir.
Azərbaycan bölgə dövlətləri ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq, tərəqqiyə, inkişafa nail olmaq niyyətindədir. Hər vəchlə Ermənistanı yeni qanlı toqquşmalara sürükləyənlər sülh sazişinin imzalanmasına mane olurlar. Lakin unutduqları bir fakt daha var, “Dəmir yumruq” yerindədir!