Xəbərlər
Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir
Azər Süleymanov
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Azərbaycan regional və qlobal səviyyədə fəaliyyətini, o cümlədən beynəlxalq arenada əməkdaşlığını genişləndirərək bir sıra nüfuzlu təşkilatlarla, ayrı-ayrı dövlətlərlə qarşılıqlı etimada əsaslanan münasibətlər qurub. Müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsaslarla qarşılıqlı faydalı münasibətlər ölkələr arasında siyasi-iqtisadi, ticarət, elmi-mədəni və digər sahələrdə uğurların əldə olunmasına səbəb olub.
Bu kontekstdə İtaliya-Azərbaycan münasibətləri strateji xarakter daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərləri və imzalanan sənədlər qarşılıqlı əlaqələrin daha da dərinləşməsində mühüm rol oynayır. 2005-ci ilin fevral ayında cənab İlham Əliyevin İtaliyaya rəsmi səfəri ikitərəfli münasibətlərə xüsusi təkan vermiş və yeni mərhələnin başlanğıcını qoymuşdur. Səfər çərçivəsində Azərbaycan-İtaliya Birgə Bəyannaməsi qəbul olunmuş və iki ölkə arasında əməkdaşlığa dair sənədlər imzalanmışdır.
Azərbaycanla İtaliya arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr var. Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu günlərdə İtaliyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından yeni perspektivlər vəd edir. Sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada cənab İlham Əliyev çıxışı zamanı olduqca mühüm məsələlərə toxunub. “Uzun illərdir ki, Azərbaycan və İtaliya strateji tərəfdaş olaraq fəaliyyət göstərir və müvafiq Bəyannamə 10 il bundan qabaq qəbul edilib. Bizim əlaqələrimiz bütün sahələri əhatə edir, müntəzəm siyasi təmaslarımız var”, - deyən dövlətimizin başçısı bildirib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və iki ölkə arasında möhkəm ticarət əlaqələri yeni geosiyasi çağırışlar fonunda daha da güclənir. Ötən il ölkələrarası ticarət dövriyyəsinin 16 milyard ABŞ dolları həcmində olması bunun göstəricisidir. Əlaqələrimizin genişlənməsi üçün potensial yalnız enerji sahəsində deyil, digər sektorlar üzrə də mövcuddur.
Son illər ölkələrimiz arasında siyasi-iqtisadi və enerji təhlükəsizliyi sahəsində böyük uğurlara imza atılıb. İki dövlətin enerji tərəfdaşlığına zəmin yaradan Cənub Qaz Dəhlizi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır. İtaliyanın 100-dən çox şirkəti hazırda Azərbaycanda uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir.
“Enerji təchizatı bu gün onu açıq şəkildə nümayiş etdirir ki, ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”, - deyən Prezident bildirib ki, Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Müasir dövrdə 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin 7-si Avropa İttifaqının üzvüdür. Avropa Komissiyasının Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırması da təsadüfi deyil və reallıqlar bu fikri söyləməyə əsas verir.
Bildiyimiz kimi, ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq.
Azərbaycan və İtaliya əməkdaşlığının şaxələndirilməsinin əsas göstəricilərindən biri də ölkəmizdə fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetidir. Çıxışı zamanı İtaliyanın beş aparıcı universitetinin Azərbaycanda olan tərəf müqabilləri ilə birgə təhsil ocağı təsis etdiklərini xatırladan dövlətimizin başçısı bildirib ki, orada təhsil alan tələbələr ölkələr arasında təbii körpü rolunu oynayacaqlar: “Onlar italyan dilini daha səlis biləcəklər. İtaliyanın tarixi irsini və mədəniyyətini də daha dərindən öyrənəcəklər”.
Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan dövlətlərarası əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir. Azərbaycan üçün mühüm tərəfdaşlardan birinə çevrilən İtaliya ilə münasibətlər mükəmməl hüquqi bazaya malikdir və ikitərəfli əməkdaşlıq göründüyü kimi, çoxşaxəlidir.
Əlbəttə ki, Azərbaycan və İtaliya yüksək səviyyədə dialoqun inkişaf etdirilməsində maraqlıdırlar. Dövlət başcımızın bu səfəri əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcıdir və yeni perspektivlər vəd edir.