Xəbərlər
Optimal yanaşma və milli maraqlar
Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan ilə İtaliya arasında artıq uzun müddətdir ki, siyasi-iqtisadi, elm və mədəniyyət sahələrində gözəl münasibətlər mövcuddur. Hər iki ölkənin möhkəm təməllər üzərində qurulan əməkdaşlığı daim üst-üstə düşüb.
Prezident İlham Əliyev bu günlərdə İtaliyaya səfəri çərçivəsində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı bildirib ki, bizim ticari əməkdaşlığımız olduqca fəaldır. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir.
İki ölkə tarixində silinməz izlər qoyan bu səfər Azərbaycan-İtaliya əlaqələrində yeni mərhələnin başlanğıcıdır. Onu da xüsusi ilə vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev sözügedən Forumda çıxışı zamanı bir daha Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına aydınlıq gətirib. Mötəbər Forumda sülh danışıqları ilə bağlı səsləndirilən fikirlər də mühüm çağırışlarla zəngin olub: “Biz ümid edirik ki, sülh danışıqlarının başlanmasına dair Azərbaycanın təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaqdır. Bu, 30 il ərzində münaqişədə olmuş iki ölkənin birgə çalışaraq sülhə nail olmasının nümunəsi ola bilər. Baxmayaraq ki, burada işğaldan əziyyət çəkmiş və ərazisinin təqribən 20 faizinin tamamilə dağıdıldığı ölkə məhz Azərbaycandır”.
Sayca 50-ci olan Beynəlxalq Çernobbio Forumunda cənab İlham Əliyevin ali tribunadan Azərbaycanın tarixi zəfərləri, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı fikirləri bir daha dünyaya bəyan etdi ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiya prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının özü belə düzgün istiqamətdə atılan addımdır.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, İtaliya Azərbaycanın Avropa İttifaqı və ATƏT çərçivəsində sıx əməkdaşlıq etdiyi ölkə kimi Qarabağ probleminin həlli istiqamətində aparılan müzakirələrdə həmişə dövlətimizin haqlı mövqeyini dəstəkləyib.
Qalib ölkənin qalib Liderinin çıxışı zamanı səsləndirilən fikirlər bir daha təsdiq edir ki, 30 il ərzində torpaqları düşmən tapdağı altında qalan Azərbaycanın qəti mövqeyi sülh, barış və dayanıqlı inkişafdır.