YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-İtaliya münasibətləri: Əməkdaşlıqdan strateji tərəfdaşlığa doğru

Ziyafət Əsgərov

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

Azərbaycan  Respublikası xarici siyasət sahəsində uğurlarını getdikcə artırmış, müxtəlif qlobal, ümumbəşəri, regional tədbirlərə ev sahibliyi etmiş, strateji əhəmiyyəti olan layihələrin həyata keçirilməsində xüsusi fəallığı ilə fərqlənmiş, müxtəlif dünya dövlətləri ilə əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə daşındığı İtaliya Avropada ölkəmizin hər zaman ən etibarlı tərəfdaşlarından olmuşdur. Azərbaycan və İtaliya arasında əlaqələr geniş spektrə malik olub, müxtəlif sahələri əhatə edən sıx əməkdaşlıqla seçilir. Hər iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub və o zamandan bəri bu əlaqələr davamlı olaraq inkişaf etməkdədir. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və bu tərəfdaşlıq, xüsusən enerji sahəsində strateji əhəmiyyətə malikdir.

Azərbaycan və İtaliya arasında yüksək səviyyəli dövlət səfərləri bu əlaqələrin inkişafına böyük təkan vermişdir. 2018-ci ildə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri zamanı İtaliya və Azərbaycanın müxtəlif sahələrdə tərəfdaşlığı genişləndirmək üçün əsaslı niyyətləri olduğunu təsdiqləyən sənədlər imzalanmışdır. İmzalanan sənədlər arasında iqtisadi əlaqələrin inkişafı, enerji layihələrinin dəstəklənməsi, mədəniyyət və təhsil sahəsində əməkdaşlıq, turizmin təşviqi və hərbi sahədə əməkdaşlıq üzrə mühüm sazişlər var.    

Xüsusilə, enerji sahəsində imzalanan müqavilələr Azərbaycan qazının Avropaya çatdırılmasında əhəmiyyətli rol oynayan TAP (Trans-Adriatik Boru Kəməri) layihəsini irəli sürmüşdür. Bu enerji layihəsi həm İtaliyanın, həm də Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm əhəmiyyət kəsb etməkdədir.

Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya rəsmi səfəri zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən 28 sənəd imzalanmış, nəticədə ölkələrarası siyasi-iqtisadi, mədəni, enerji və müdafiə sahələrində əməkdaşlıq daha da dərinləşmişdir. 2020-ci ildə Azərbaycan və İtaliya arasında imzalanan sənədlər arasında mədəni irsin qorunması, iki ölkə arasında incəsənət və musiqi tədbirlərinin təşviqi üzrə sazişlər yer almışdır. Beləliklə, həm İtaliyada, həm də Azərbaycanda müxtəlif sərgilərin, konsertlərin və digər mədəni tədbirlərin təşkilinə imkan yaranmışdır.

2022-ci ildə Prezident İlham Əliyev İtaliyaya işgüzar səfəri çərçivəsində 48-ci Beynəlxalq Çernobbio Forumunda əsas qonaq qismində iştirak etmişdir. Müzakirə edilən ən aktual mövzulardan birinin enerji təhlükəsizliyi məsələsi oluğu Forumun plenar iclasında dövlətimizin başçısı “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etmışdir. Bu baxımdan Forum ölkəmizin enerji təhlükəsizliyi sahəsində mövqeyini, imkanlarını, bu günə kimi görülmüş işləri və gələcək planları dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün olduqca mühüm platforma rolunu oynamışdır.

Cari ilin 4 sentyabr tarixində Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə bu dost ölkəyə işgüzar səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyev öncə İtaliya Prezidenti Sercio Mattarella ilə, daha sonra isə İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüş keçirib. Sentyabrın 5-də Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasimi olub. 

6 sentyabr tarixində dövlətimizin başçısı “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş 50-ci Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib. Prezident çıxışına uzun illər ərzində Azərbaycan və İtaliya arasında yüksələn xətlə inkişaf edən strateji tərəfdaşlıqdan bəhs edərək başlayıb. Dövlət başçısı xüsusilə enerji və iqtisadi sahələrdə əməkdaşlığın dərinləşdiyini, iki ölkə arasında imzalanmış sazişlər nəticəsində ticarət dövriyyəsi və iqtisadi əlaqələrin gücləndiyini, yüksək səviyyəli siyasi təmaslarda bu əməkdaşlığın siyasi zəmini möhkəmləndirdiyini vurğulayıb.

Enerji təhlükəsizliyi hər zaman dövlətlərin milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biri olub. Ölkəmizin Milli Təhlükəsizlik Konsepsiyasında da enerji təhlükəsizliyinin təmin olunması prioritet sahələrdən biri kimi müəyyən olunub. Son dövrlərdə isə bərpa olunmayan enerji mənbələrinin tükənməsi riski, bu səbəbdən həmin enerji mənbələrində artan yüksək qiymətlər, geosiyasi rəqabət, ölkələr arasında davam edən silahlı münaqişələr, bu münaqişələrin bəzi ixracatçı ölkələrdə yaratdığı qeyri-sabitlik enerji təhlükəsizliyini bu gün dünya dövlətləri üçün ən aktual mövzuya çevirib.

Prezident İlham Əliyev Forumdakı çıxışında ölkəmizin siyasi inkişafından, iqtisadi qüdrətindən söz açıb, başlanğıcı Azərbaycanda olan və  İtaliyayadək uzanan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərindən ibarət, 3500 kilometrlik Cənub Qaz Dəhlizi layihəsinin hazırda 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini vurğulayıb. Bu 10 ölkədən 7-si Avropa İttifaqının üzvüdür. Azərbaycan Avropa İttifaqı üçün enerji təhlükəsizliyində mühüm əhəmiyyət daşıdığından, Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

Prezident çıxışında Azərbaycan və İtaliya arasındakı əməkdaşlığın yalnız enerji və iqtisadiyyat sahələri ilə kifayətlənmədiyini, həmçinin, humanitar və təhsil sahələrini də əhatə etdiyini vurğulayıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması bu istiqamətdə əhəmiyyətli bir addım kimi çıxış edir. İtaliyanın beş aparıcı universieti (Lyuis, Sapyensa, Boloniya, Milan, Turin) və onların Azərbaycandan olan tərəf müqavilləri ilə müştərək təsis edilən bu təhsil ocağı iki ölkə arasında akademik əlaqələri gücləndirmək üçün vacib platformadır.

Prezidentin çıxışında xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri isə Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki qazandığı tarixi Qələbə nəticəsində 30 illik işğala son qoyaraq, beynəlxalq ədaləti bərqərar  etməsi  olub. Dövlət başçımız bu 30 il ərzində nə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, nə də ATƏT-in bu məsələnin həlli üçün yaratdığı qrupun fəaliyyətinin nəticə vermədiyindən bəhs edib.  Bu, onu göstərir ki, ədaləti və sülhü təmin etmək üçün yalnız beynəlxalq hüquq kifayət deyil, siyasi və hərbi addımlar da vacibdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan işğalından azad edilməsi regionda sabitliyin bərpası üçün əhəmiyyətli addım olub, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazilərini geri qaytarmaqla, beynəlxalq hüquq çərçivəsində öz suverenliyini təmin edib.

Prezident İlham Əliyev Sovet İttifaqının süqutundan sonra ilk dəfə olaraq Cənubi Qafqaz regionunda uzunmüddətli sülh əldə etməyin mümkünlüyünü qeyd edib.  Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində 80 faiz razılaşdırılmış sülh müqaviləsi bəndləri və sərhədlərin delimitasiyası istiqamətində atılmış addımlar regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət daşıyır. Bu  danışıqlar sülh sazişi ilə nəticələndiyi təqdirdə, 30 il ərzində münaqişədə olmuş iki ölkənin birgə çalışaraq sülhə nail olması yalnız Qafqazda deyil, dünyanın bütün regionlarında əhəmiyyətli sülh nümunəsi rolunu oynayacaq.

Prezident çıxışında, Azərbaycanın iqlim dəyişikliyi mövzusu üzrə ən böyük beynəlxalq tədbir olan COP29 konfransına ev sahibliyi edəcəyini iştirakçıların diqqətinə çatdırıb. 200-ə yaxın ölkə arasında konsensusa əsaslanan bu qərar, Azərbaycanın beynəlxalq səviyyədə etibarının göstəricisidir və ölkənin iqlim mövzusunda qlobal liderlik rolunu gücləndirir. Bir il ərzində həyata keçirilən hazırlıqlar, Azərbaycanın bu sahədə olan potensialını və beynəlxalq ictimaiyyət tərəfindən ona verilən dəstəyi əks etdirir.

Azərbaycan qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üçün fəal şəkildə çalışır. Xüsusilə, Qlobal Cənub və Qlobal Şimal arasında əlaqələrin qurulması, iqlim mövzusu üzrə fərqli baxışların aradan qaldırılmasına yönəlmiş səylər Azərbaycanın müasir dünya siyasətində oynadığı mühüm rolu göstərir və ölkənin müxtəlif qlobal aktorlarla əməkdaşlığını dərinləşdirir.

Azərbaycanın 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik etməsi, dövlətimizin beynəlxalq səviyyədə diplomatik gücünü və qlobal problemlərin həllində oynadığı rolu nümayiş etdirir. Azərbaycanın artıq Avropa İttifaqının üzvü olan 10 ölkə ilə əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Elə bu da, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə fəal işləməsinə və həmrəylik prioriteti əsasında beynəlxalq tədbirlərə sədrlik etməsinə şərait yaradır.

Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olduğunu, ölkəmizin Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəklədiyini vurğulayıb. Bu münasibətlər təkcə keçmiş Sovet İttifaqı ölkələri arasında qurulmuş əlaqələrdən ibarət deyil, həm də beynəlxalq səviyyədə strateji tərəfdaşlıq və sülh proseslərinə verdiyi dəstəklə əlaqədardır. Azərbaycanın bu iki ölkə ilə olan əlaqələri, regionda və beynəlxalq arenada tarazlığı qorumağa xidmət edir.

Azərbaycanın Rusiya ilə münasibətləri praqmatik yanaşma üzərində qurulub. Bu səbəbdən Azərbaycan Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmayıb və belə bir niyyəti də yoxdur. Azərbaycan, müxtəlif geosiyasi proseslərdə fəal rol oynamaqla, beynəlxalq arenada öz mövqeyini gücləndirməyə çalışır. Bu, xüsusilə Rusiya ilə iqtisadi və enerji sahələrində sıx əməkdaşlıq şəraitində özünü göstərir.

Rusiyanın qaz tranzitinin dayandırılması Ukraynanın qazpaylayıcı sisteminin tamamilə iflic olmasına səbəb ola bilər. Hazırda Rusiya qazının Ukrayna ərazisi üzərindən tranziti davam edir və bu prosesin dayandırılmasının qarşısını almaq üçün Azərbaycan mühüm rol oynayır. Rusiya, Ukrayna və Avropa təchizatçıları Azərbaycana müraciət edərək, enerji tranzitinin davam etdirilməsi ilə bağlı dəstək istəyiblər. Prezident, qaz tranziti sahəsində iki ölkə arasında körpü rolu oynayan Azərbaycanın, zərurət yarandığı təqdirdə münaqişənin həllində də vasitəçilik edə biləcəyini vurğulayıb.

Dövlət başçısının çıxışında söz açdığı son məsələ ölkəmizin Avropa Şurasının Parlament Assambleyası ilə hazırki münasibəti olub. Belə ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olub və o vaxtdan bəri bu münasibətlər enişli-yoxuşlu xəttlə davam edib. Bu müddət ərzində Azərbaycan, Avropa Şurası ilə əməkdaşlığını genişləndirib, Avropa konvensiyalarına qoşulub və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edib. Azərbaycanın suverenliyini tam şəkildə bərpa etməsindən bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası Azərbaycanın nümayəndə heyətini səsvermə hüququndan məhrum edib. Bu sanksiyanın verilmə səbəbi isə ərazi bütövlüyünü təmin etmiş Azərbaycana qarşı AŞPA-nın qərəzli münasibəti idi.

Prezident, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin fəaliyyətinin bərpa edilməsi ilə vəziyyətin yaxşılığa doğru dəyişəcəyini vurğulayaraq çıxışını başa vurub.  

Prezident İlham Əliyevin Çernobbio Forumundakı çıxışı, Azərbaycanın beynəlxalq səviyyədə mövqeyinin gücləndiyini və qlobal geosiyasi proseslərdə önəmli bir rol oynadığını bir daha göstərir. Şübhəsiz ki, Azərbaycanın qlobal enerji bazarındakı əhəmiyyəti, regional sabitliyin təmin edilməsindəki rolu və beynəlxalq aləmdəki fəal iştirakının artması, ölkənin yeni geosiyasi şəraitdəki mövqeyini daha da möhkəmləndirəcəkdir.