YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarusdan olan müşahidəçilər Xankəndidə səsvermə prosesini izləyiblər

Belarus Milli Məclisi Respublika Şurasının sədr müavini Sergey Xomenko və Şuranın Qanunvericilik və dövlət quruculuğu üzrə daimi komissiyasının sədr müavini Aleksey Vasilyev Qarabağda Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkiləri izləyirlər.

Belarusdan olan müşahidəçilər səsvermə prosesini Füzulidə izlədikdən sonra Xankəndi şəhərinə gəliblər. Onlar Xankəndi şəhərindəki keçmiş mərkəzi inzibati binada yaradılmış 14 saylı və Kərkicahan qəsəbəsindəki 15 saylı məntəqələrdə seçki prosesi ilə tanış olublar.

Belaruslu müşahidəçilər buradan Şuşa şəhərinə yola düşüblər.

Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunur. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.

Budəfəki seçkilərdə 125 mandat uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.

Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.

Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.

Seçkiləri izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.

Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.